XƏBƏRLƏR
MƏLUMAT
“Xəsis cəngavər” ilk dəfə filarmoniyada təqdim olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
17/12/2024 09:32

Dekabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, professor, pedaqoq və pianoçu Elmira Səfərovanın 90 illiyinə həsr olunan musiqi gecəsi keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Xalq artistləri F.Bədəlbəyli (piano), Murad Adıgözəl-zadə (piano), Əməkdar artistlər Gülşən Ənnağıyeva (piano), Nərgiz Əliyarova (piano) və Elnarə Kəbirlinskaya (piano) dinləyicilər qarşısında çıxış edəcəklər.

Konsert proqramında F.Chopin piano və orkestr üçün 1 saylı konsert (I hissə), J.Brahms piano və orkestr üçün 1 saylı konsert (I hissə), Mozart piano və orkestr üçün ikili konsert (I hissə), S.V.Raxmaninov iki piano üçün 2 saylı süita yüksək ustalıqla təqdim olunacaq. Dekabrın 23-də isə eyni səhnədə Xalq artisti, xoreoqraf Əminə Dilbazinin 105 illiyinə həsr olunmuş konsert proqramı reallaşacaq. Həmçinin dekabrın 28-də Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Niyazi adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, konsertmeyster Daniil Kirillovun müşayiəti ilə solistlər Əvəz Abdullayev, Atəş Qarayev, Mahir Tağızadə, Əliəhməd İbrahimov, İqor Yadrov musiqi nömrələrini ifa edəcək.

Görkəmli rus bəstəkarı S.V.Raxmaninovun “Xəsis cəngavər” (A.S.Puşkinin eyniadlı kiçik faciəsi əsasında) operası ilk dəfə Azərbaycan səhnəsində konsert şəklində təqdim olunacaq.

Baxış sayı: 143