XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2024 14:15

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli təsviri sənətimizdə özünəməxsus yeri olan Xalq rəssamı, pedaqoq Tofiq Ağababayev 20 dekabr 2024-cü il tarixində vəfat edib.

Tofiq Məmmədəli oğlu Ağababayev 8 sentyabr 1928-ci ildə Bakıda hərbçi ailəsində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Sankt-Peterburq Rəssamlıq Akademiyasının Keramika-şüşə fakültəsində təhsil alıb. Vətənə qayıtdıqdan sonra davamlı yaradıcılığa başlayan rəssam həm də respublikanın ictimai və mədəni həyatında aktiv rol oynayıb. 1966–1968-ci illərdə Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb, şəhərin estetik görünüşünə töhfə verən bir sıra yeniliklərin müəllifi olub. Paytaxtımızın simvolik açarının düzəldilməsi də sənətkarın adı ilə bağlıdır.

Tofiq Ağababayev uzun illər Azərbaycan Rəssamlıq Akademiyasında fəaliyyət göstərib, neçə-neçə nəslə sənətin sirlərini öyrədib.

Monumental dekorativ-tətbiqi sənət, qrafika, keramika və boyakarlıq sahəsində maraqlı əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Bakı Dövlət Sirkindəki “Azərbaycan sirki” mozaik lövhəsi, Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunda mozaik işləri, “Azərbaycan lirikası” triptixi onun keramik işləri sırasında xüsusilə fərqlənir. Onun portretlər qalereyasında görkəmli şəxsiyyətlər, dövlət və ictimai xadimlər, şair və yazıçıların təsviri yer alır. “Şah İsmayıl Xətai”, “Dədəm Qorqud”, “Rasim Babayev”, “İlyas Əfəndiyev” və başqa portretlər dərin emosional təsir gücü, obrazın daxili duyğularının tərənnümü baxımından diqqətəlayiq əsərlərdir.

Rəssamın əsərləri Azərbaycanla yanaşı, Rusiya, ABŞ muzeylərində, Kanada, Türkiyə və Fransada şəxsi kolleksiyalarda saxlanılır.

Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına, 2008-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2023-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq rəssamı Tofiq Ağababayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Baxış sayı: 50