XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın Xalq artisti Mehriban Zəkinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
18/12/2024 15:37

Azərbaycanın Xalq artisti Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakültəsini bitirib. 1990-cı ildən 2005-ci ilədək “Yuğ” Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rollar oynayıb.

2000-ci ildən 2011-ci ilədək “İbrus” Teatrında fəaliyyət göstərib. 2005-2007-ci illərdə Milli Akademik Dram Teatrında işləyib, Mirmehdi Seyidzadənin əsərləri əsasında hazırlanmış "Füzuli və Əsmər" tamaşasında Əsməri oynayıb.

1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən UNESCO-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak edib.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilib: Jurnalist qız (“Ümid”), Lətifə (“Otel otağı”), Elmira (“Ailə”), Gülya (“Məkanın melodiyası”), Teybə (“Küçələrə su səpmişəm”), Maya (“Əlvida, cənub şəhəri”), Nara (“Düyün”), Nərmin (“Yalançılar”).

Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə qiraətçi və dublyaj aktrisası kimi çıxış edib.

Mehriban Zəki 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına, 9 may 2012-ci ildə, 30 aprel 2014 -cü ildə və 10 may 2019 -cu ildə Prezident Mükafatına layiq görülüb.

1993-cü ildə Aşqabadda keçirilən "Novruz 93" Teatr Festivalında “Xatun" mono-tamaşası ilə çıxış edərək "Ən yaxşı teatr rolu"na görə mükafat alıb. 1996-cı ildə Alma-Atada keçirilən Cambul Cabayev Festivalında "Ən yaxşı dastançı" mükafatına layiq görülüb. 2005-ci ildə "Şərq-Qərb" Kinofestivalında “Küçələrə su səpmişəm” filmində "Ən yaxşı qadın" nominasiyası üzrə mükafat alıb. 2015-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının "Son illərin yaradıcı uğurlarına görə" mükafatını qazanıb.

Aktrisa "Yuğ" Dövlət Teatrında M.Şəhriyarın "Salam" əsərində Yaşıl donlu, "Kitabi Dədə Qorqud"da Banı Çiçək, "Açar"da Tülkü, Ş.İ.Xətainin “Dəhnamə” əsəri əsasında hazırlanmış “Səma” tamaşasında Pəri, A.Çexovun “Sentimental vals”ında Mim, Vaqif İbrahimoğlunun "Adam uşağı"nda Lavani, Vaqif Bayatlının ("Ən gülməli ölü"də) Qırmızı Rəng rollarını ifa edib.

"İbrus" teatrında isə Rüstəm İbrahimbəyovun "Şirə bənzər" əsərində Lena, "Arabir görüşməyə kişi axtarıram" əsərində Qadın, "İvan Buninin son döyüşü" əsərində Banin, "O və onlar" əsərində O rolları ilə yaddaşlarda silinməz iz buraxıb.

Akademik Milli Akademik Dram Teatrında aktrisa Mirmehdi Seyidzadənin "Füzuli və Əsmər" əsərində Əsmər, Erik Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" əsərində Ana obrazlarını məharətlə yaradıb.

Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Ejen İoneskonun “Mərasim” tamaşasında ifa etdiyi Marqarita obrazı da Azərbaycan teatrında yeni ənənənin başlanğıcı oldu.

Xalq artisti Mehriban Zəkinin müəllifi olduğu və İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar isə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda – Estoniyada, İtaliyada uğurla nümayiş olunaraq aktrisaya həm vokalçı, rejissor, həm də aktrisa kimi böyük uğur qazandırıb.

Baxış sayı: 117