XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Romada ICCROM-un baş direktoru ilə görüşüb
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2024 15:29

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri gedişində dekabrın 19-da qərargahı Romada yerləşən Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Françeska Maria Gujral ilə görüşüb.

Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə xanım baş direktoru salamlayan nazir deyib ki, multikultural ölkə olan Azərbaycanda müxtəlif xalqlara və dinlərə məxsus mədəni mirasın qorunması, təmir və bərpası bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindədir.

Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin, ziyarətgahların bərpasına mühüm töhfələr verir.

ICCROM-un baş direktoru noyabr ayında Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakından və keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O, Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini, COP29-un uğurla nəticələndiyini deyib.

Görüşdə ölkəmizin ICCROM-la əməkdaşlığı ilə bağlı müzakirə aparılıb.

Baxış sayı: 267