XƏBƏRLƏR
MƏLUMAT
Filarmoniyada “Maestroya sevgi ilə” adlı konsert təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
18/12/2024 09:24

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş “Maestroya sevgi ilə” adlı musiqi gecəsi keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə təşkil olunub.

Konsertdə V.Mustafazadə ənənələrinin davamçısı sayılan, istedadlı cazmenlər Xalq artisti Salman Qəmbərov, Əməkdar artistlər Şahin Növrəsli, Emil Əfrasiyab, İsfar Sarabski, Moskva Dövlət Akademik Filarmoniyasının solisti Riad Məmmədov öz təfsirlərində rəngarəng harmoniyalar, müxtəlif yeni səs çalarları, milli üsluba xas xırdalıqlar, muğam və cazın ən yüksək səviyyədə vəhdətini təqdim ediblər.

Gecədə bəstəkarın yaradıcılığına xas olan coşqu və eyni zamanda, lirik, nəcib hisslər musiqi dili ilə bir-birini əvəz edib. Eyni zamanda, Əməkdar artist Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov və Həsən Bilalov (zərb alətləri), konsertin qonağı Rusiyadan dəvət olunan əfsanəvi caz ifaçısı Yakov Okun dəyərli fikirləri və özünəməxsus improvizəsi ilə musiqi gecəsinə yeni bir rəng qatıblar.

Tədbiri lirik ruhda davam etdirən aparıcı isə Əməkdar artist Firdovsi Atakişiyev olub. Konsertdə Vaqif Mustafazadənin “Muğam”, “Xatirələr”, “Əzizənin intizarında”, “Bahar”, “Aman ovçu” əsərləri, eləcə də “Vaqif Mustafazadəyə həsr olunmuş əsər” və John Coltranenin məşhur əsərləri səsləndirilib.

 

Baxış sayı: 74