XƏBƏRLƏR
MƏLUMAT
Səttar Bəhlulzadənin 115 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
16/12/2024 12:54

Bu il adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həkk olunan Dövlət mükafatı laureatı, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115-ci ildönümü tamam olur. Gəncləri biri-birindən dəyərli əsərlərin müəllifi, görkəmli rəssamın həyat və yaradıcılığı, təsviri sənətimizi zənginləşdirən böyük irsi ilə tanış etmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təbiətin Səttar möcüzəsi” adlı məlumat bülleteni və “Səttar Bəhlulzadə-115” adlı ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda rəsmi sənədlər, “Tarixdə iz buraxanlar: Səttar Bəhlulzadə” adlı məqalənin tam mətni, görkəmli şəxslərin Xalq rəssamı haqqında söylədikləri dəyərli fikirlər, Səttar Bəhlulzadənin zəngin fəaliyyəti boyunca layiq görüldüyü təltif və mükafatlar haqda məlumatlar təqdim edilir. “Təbiətin Səttar möcüzəsi” adlı məlumat bülletenində Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən 1958-2024-cü illərdə nəşr edilən “Sonuncu dərviş”, “Səttar Bəhlulzadə: gözəlliyə həsr olunmuş həyat”, “Səttar Bəhlulzadə nağılı”, “Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi”, “Boyalarda yaşayan ömür” kimi Azərbaycan və rus dillərində 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahısı təqdim edilir. Virtual kitab sərgisində Xalq rəssamı Səttar Bəhlulzadənin Azərbaycanın füsunkar təbiətinin gözəlliklərini özünəməxsus tərzdə təsvir etdiyi, istedadlı, ecazkar dünyasının əksi olan əsərləri foto və video formatda sərgilənir, görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni

https://ryl.az/multimedia/settar-behlulzade-115  yerləşdirilib.

Baxış sayı: 189