XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana və muzeylərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər plenar iclasa tövsiyə olunub
ÜMÜMİ XƏBƏRLƏR
18/12/2024 10:03

Dekabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Polad Bülbüloğlu gündəliyə bir məsələnin - “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır.

Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklərdə isə dövlət kitabxanalarının və muzeylərin bu fəaliyyətindən əldə edilən vəsaitdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə ediləcək.

Qanun layihəsinin müzakirəsində çıxış edən deputatlar kitabxanaların və muzeylərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, kitabxana fondunun zənginləşdirilməsi, muzeylərin turizmlə əlaqələndirilməsi, bu sahələrdə dövlət-özəl tərəfdaşlığının tətbiq edilməsi kimi kitabxana və muzey işinin inkişafının bəzi aktual məsələləri ilə bağlı fikirlərini bölüşüblər, təklif olunan dəyişikliklər haqqında rəylərini və suallarını səsləndiriblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, suallarına aydınlıq gətiriblər. Vurğulanıb ki, sənəd mədəniyyət müəssisləri tərəfindən büdcədənkənar fəaliyyətdən əldə edilən gəlirlərin idarə olunması ilə əlaqədar qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Baxış sayı: 121