XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2022 03:31

Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə  H.Abbasov adına Mədəniyyət Mərkəzində görkəmli teatr və kino xadimi, Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən aparıcı Ayaz Məmmədov  Ağasadıq Gəraybəylinin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə Xalq artistləri Şamil Süleymanov, Əli Nur, Əməkdar artistlər Gülşad Baxşıyeva, Yaqut Paşazadə, Baş İdarənin rəis müavini Nazim Əliyev, mədəniyyət müəssisələrinin nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir zamanı çıxış edənlər Ağasadıq Gəraybəylinin sənət yolundan danışaraq, onun  bütün ömrünü Azərbaycan teatrı və kinosunun inkişafına həsr etdiyini, bir-birindən maraqlı, ölməz obrazlar yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Xalq artisti  geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsində xüsusi yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətlə canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir.

Sonra tanınmış müğənnilər Səidə Dadaşova , Nigar Əhmədova, Emil Elmanoğlu, Ülkər Yaşarqızının bir-birindən maraqlı ifaları, Polis Akademiyasının solisti Seyran Əliyevin, parodiyaçı Raminin, prezident mükafatçısı Məsməxanım Ağaverdiyevanın  çıxışları maraqla qarşılanıb. “Aysel” rəqs qrupunun təqdim etdiyi rəqslər, ADMİU-nun Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru ixtisası üzrə IV kurs tələbələrinin C.Cabbarlının “Sevil” tamaşasından ifa etdiyi parçalar tədbirə rəngarənglik qatıb.

 

Baxış sayı: 279