XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa
ÜMÜMİ XƏBƏRLƏR
12/07/2019 15:02

İyulun 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 50 illiyi münasibəti ilə dəyirmi masa keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlayıb.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev “Ümummilli lider Heydər Əliyevin ölüm tarixi yoxdur, onun yalnız döğum tarixi var” sözləri ilə açıb.  Azərbaycanın 1969-cı ildən XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrünün, bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin ulu öndər Heydər Əliyevin adı ilə bağlılığından danışıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva  1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə yeni inkişaf yoluna qədəm qoyan respublikamızın hər bir yerində iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsi,  bütün sahələrdə sürətli inkişaf getməsi mövzusunda çıxış edib.

AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, institut Yeni Azərbaycan Partiyası təşkilatının sədri  Xəzər Zeynalov “Heydər Əliyevin bədii obrazı təsviri sənətdə” mövzusunda çıxışının sonunda sənət adamlarının, yaradıcı insanların ulu öndərlə bağlı sənət əsərləri, tablolar yaratmaqla Heydər Əliyev şəxsiyyətinə öz hörmət və ehtiramlarını ifadə etdiklərini bildirib. 

AMEA Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov “Heydər Əliyev müasir Azərbaycan mədəniyyət siyasətinin qurucusudur” mövzusunda çıxışında bildirib ki, XX əsrdə  xalqımızın mədəni həyatında  başlanan yeni bir dövr  ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli, Uluslararası Türkiyə Araşdırmalar Akademiyasının fəxri professoru, AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi, “Azərbaycan” qəzetinin şöbə müdiri Tofiq Seyidzadə ölkəmizin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin əsasını qoyduğu siyasətin dayandığını bildiriblər.

“Cabir Novruz” Mədəniyyət Fondunun üzvü, mədəniyyət işçisi Kəmaləddin Məmmədov ulu öndər Heydər Əliyev dühası haqqında danışandan sonra şair Xəlil Rzanın “Heydər dədə-Atatürk” şerini oxuyub.

176 saylı tam orta məktəbin şagirdi Bayram Həsənli “Azərbaycan oğluyam”, “Səndən gözəli” mahnılarını ifa edib.

Tədbirdə həmçinin, AMEA-nın Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Lamiyə Qafarzdə, həmin institutun əməkdaşları Günel Aslanlı,  Günel Mehdizadə, AMEA-nın kitabxana əməkdaşı Türkan Vahidova,  Azərbaycan Milli Konservatoriyasının müəllimi Leyla Cumayeva,  “Sosial İqtisadi Araşdırmalar” ictimai birliyinin sədr müavini Fərqanə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak ediblər.

Tədbir boyu ümummilli lider Heydər Əliyevin ictimai-siyası fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.

Tədbirin sonunda “Heydər Əliyev- Əsrlərə örnək ümummilli lider” adlı kitab sərgisinə baxış keçirilib.

 

Baxış sayı: 97739