XƏBƏRLƏR
MƏLUMAT
Şuşa xalça sənətimizin əsas mərkəzlərindən biri kimi
ÜMÜMİ XƏBƏRLƏR
27/01/2022 05:19

Şuşa şəhəri tarixən Qarabağın əsas xalçaçılıq mərkəzlərindən biri olub. Burada xalça toxuculuğu XVIII əsrin ikinci yarısından başlayıb, XIX əsrdən isə yüksək inkişaf dövrü keçirib. Toxunan xalçalar xarici ölkələrə də ixrac olunub. Xalça tacirlərinin xüsusi marağına səbəb olan bu nümunələr rəng həllinə və kompozisiya quruluşuna görə çox möhtəşəmdir.

Ümumiyyətlə, XIX əsrdə həm Qarabağ xalçaçılıq məktəbi, həm də digər xalçaçılıq məktəbləri inkişaf səviyyəsinə görə zirvəyə çatıb. Məhz bu dövrdə Şuşada bir-birindən gözəlliyi, al-əlvanlığı ilə seçilən xalça kompozisiyaları toxunub. Bunlara misal olaraq, “Malıbəyli”, “Balıq”, “Ləmpə”, “Dəryanur”, “Xətai”, “Rüstəm və Söhrab”, “Bağçada güllər”, “Açma-yumma”, “Bulud”, “Qoca” və başqa xalça kompozisiyalarını göstərmək olar. Bu xalçalar incəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilib.

“Malıbəyli” xalçası. Qarabağda əsas xalça kompozisiyalarından biri hesab olunur. Əsas toxuculuq mərkəzi Malıbəyli kəndi olduğu üçün yerli toxucular xalçanı bu cür adlandırıblar.

Qırmızı yerlikli “Malıbəyli” xalçasının ara sahəsi üç böyük medalyonla tərtib olunub. Medalyonların mərkəzində dördbucaqlı element (“çarhovuz”), onların içərisində isə stilizə edilmiş “ördək” təsvirləri yerləşdirilib. Medalyonun mərkəzində yerləşən dördbucaqlı elementi ətrafdan səkkiz ədəd ilana bənzər elementlər qoruyur. Bu elementlər “Əjdaha” (“Qoruyucu Əjdaha”) təsvirlərinə də bənzəyir.

Ara sahə həmçinin “qarmaqlı” (“quyrumlu”), “səkkizguşəli ulduz”, “rombvarı”, “qoşabuynuz” və s. doldurucu elementlərlə bəzədilib. Ağ yerlikli ara haşiyə Qarabağ xalçalarına xas olan səkkizguşəli ulduz ilə tərtib olunub. Bala haşiyə isə “Mollabaşı” elementinə bənzər üçbucaq formalı element və “siçandişi motivləri ilə bəzədilib.

“Malıbəyli” xalçaları həmçinin Laçın və digər toxuculuq mərkəzlərində də toxunub.

“Balıq” xalçası. “Balıq” kompozisiyasına daha çox “dəst xalı-gəbə”lərdə rast gəlinirdi. Mürəkkəb kompozisiyaya malik olan “Balıq” xalçasının ara sahəsi şəbəkə əmələ gətirən rombvarı element, gül və yarpaq motivlərindən ibarətdir. Xalçada daha çox qırmızı və şəkəri rənglər üstünlük təşkil edir. Enli ara haşiyəsi də gül və yarpaq motivləri ilə tərtib olunub.

“Əfşan” kompozisiyası əsasında qurulan “Balıq” xalçaları Qarabağın Bərdə və digər toxuculuq mərkəzlərində də toxunub.

“Ləmpə” xalçası. Bu xalçalar da daha çox dəst xalı-gəbə formasında toxunurdu. “Ləmpə” xalçası nəbati ornamentlərlə tərtib olunub. Qırmızı yerlikli ara sahədə bir böyük və iki kiçik səkkizləçəkli medalyon və medalyonların arasında kətəbələr təsvir olunub. Həmçinin ara sahədə quş təsvirləri də verilib. Xalçanın ara sahəsinin aşağı və yuxarı hissələri, bu xalçalar üçün xarakterik olan qubbalarla tərtib olunub. Ara haşiyəsi də ara sahəyə uyğun olaraq gül və budaq təsvirləri ilə bəzədilib.

“Ləmpə” xalçaları da təkcə Şuşada deyil, Xocalı, Xocavənd və başqa yerlərdə də toxunub.

“Dəryanur” xalçası. Şuşa, Ağdam, Bərdə, Cəbrayıl rayonlarında toxunan xalçanın qırmızı yerlikli ara sahəsi müxtəlif formada olan üç medalyonla tərtib olunub. Medalyonların içərisində “Balıq” xalçalarına xas olan gül və yarpaq motivləri verilib. Ara sahənin aşağı və yuxarı hissələri qubbalarla, kənar (sağ və sol) hissələri isə yarımmedalyonlarla əhatələnib.

Xalçanın ana haşiyəsi rombvarı elementlərdən ibarətdir, bala haşiyələr isə kiçik gül və yarpaq elementləri ilə bəzədilib. Ara sahə və haşiyə zolaqları rəng həllinə görə bir-biri ilə uyğunluq təşkil edirlər.

Ümumiyyətlə, haqqında söz açdığımız xalça kompozisiyalarına nəzər yetirsək, burada nəbati ornamentlərin üstünlük təşkil etdiyini görərik. Bu isə, əminliklə deyə bilərik ki, Şuşa şəhərinin təbiəti, ətraf mühiti ilə əlaqədar idi. Bu xüsusiyyət, həmçinin Şuşada toxunan “Xətai”, “Bağçada güllər”, “Bulud”, “Qoca” və s. xalça kompozisiyalarına da aiddir.

Əvvəllər biz bu xalçalara baxdıqda məyusluq və kədər hissi keçirirdik. Səbəb isə bu möhtəşəm xalçaların toxunduğu Şuşa şəhərinin erməni işğalı altında olması idi. 30 ilə yaxın davam etmiş işğal təkcə Şuşada deyil, bütün Qarabağda, düşmənin zəbt etdiyi şəhər və rayonlarımızda maddi mədəniyyətimizə, o cümlədən xalçaçılığın inkişafına böyük zərbə vurub.

Lakin indi, müzəffər Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad ediləndən sonra bu rəngarəng, mükəmməl sənət nümunələrimizə heç bir kədər hissi keçirmədən, fəxarətlə baxa bilərik. Ümid edirik ki, tezliklə işğaldan azad olunmuş şəhər və rayonlarımızda toxuculuq mərkəzləri yaradılacaq və xalça sənətimizin inkişafı yeni inkişaf səviyyəsinə yüksələcəkdir.

Laçın Aslanov

medeniyyet.az

Baxış sayı: 588