XƏBƏRLƏR
MƏLUMAT
“Şir ürəkli, şir biləkli Cavanşir” adlı oçerk təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2022 03:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Tarix yazan igidlərimiz” layihəsi uğurla davam edir. 

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, şairə Gülarə Munis növbəti dəfə yeni oçerk təqdim edib. “Şir ürəkli, şir biləkli Cavanşir” adlı oçerk Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Cavanşir İzzət oğlu Rəhimovun əziz xatirəsinə həsr edilir. Burada onun həyatı, təhsil illəri və döyüş yolu haqqında məlumat verilir. Oçerk oxuculara təqdim olunur.

Şir ürəkli, şir biləkli Cavanşir

Milli Qəhrəman Rəhimov Cavanşir İzzət oğlunun xatirəsinə

Deyirlər: “İnsan dünyaya gələndə bir ev, bir ailə sevinir, dünyadan köçəndə bir el kədərlənir.”

Amma, görəsən hər dünyadan köçən üçün el kədərlənirmi? Hər dünyadan köçəni el son mənzilə yola salırmı?

Hər cənazənin arxasınca yollara al qırmızı qərənfillər səpilirmi?

Hər dayanan ürək min-min vuran ürəyi göynədirmi?

Yox! Əlbəttə ki, yox!

Bu el sevgisini, el məhəbbətini, dostların hüsn-rəğbətini qazanmaq hər insan oğluna nəsib olmur.

Azərbaycanın bütövlüyü, torpaqlarının işğaldan azad olunmasında canından keçən şəhid oğulların hər birinə bu hörmət və ehtiram nəsib oldu. Onları son mənzilə böyük izdiham yola saldı.

44 günlük müharibəni zəfərlə başa vuran Ordumuzu alqışlayanda mütləq bu yolda şəhid olanların da ruhuna dualar edirik. Onu da yaddan çıxarmayaq ki, bu yolda qan tökən, canından keçən həm də birinci Qarabağ müharibəsinin şəhidləri var. Bu şəhid oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı Rəhimov Cavanşir İzzət oğludur.

Onun cəmi on doqquz yaşı var idi. Cavanşir öz hünəri və qəhrəmanlığı ilə minlərin, milyonların ürəyinə yol tapdı, igidliyi və mərdliyi ilə özünü elə-obaya sevdirdi.

Ucalardan uca olan bir adda var – “Şəhid”adı... Cavanşir öz adını da doğrultdu, şir kimi vuruşub şəhadət şərbətini də içdi.

1973-cü il 5 iyun tarixində dünyaya gələn körpənin taleyinin necə olacağını Allahdan başqa heç kim bilmirdi. O, Qax bölgəsinin səfalı havasını udub, Qaşqaçayın buz kimi suyundan içib iki yaşına çatdı. Ailəsi Bakıya köçüb Qaraçuxur qəsəbəsində yaşadığı üçün məktəb yaşına çatanda Cavanşir qəsəbədəki 104 saylı orta məktəbdə təhsil almışdı. O, idmanı çox sevirdi, yüngül atletika, sərbəst güləşlə məşğul olması onu Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinə aparıb çıxardı. Cavanşir 13 yaşında 54 kq çəkidə Minsk şəhərində keçirilən SSRİ birinciliyində Azərbaycanı təmsil edirdi. Belə çətin və məsuliyyətli yarışda o, 3-cü yeri tutub “Çepkin” adına mükafat və Fəxri Fərmanla Vətənə qayıtmışdı.

Vətənin başı üzərini qara buludlar alanda Cavanşir könüllü olaraq cəhbəyə gedir. İdmanla məşğul olması burada ona çox kömək olur. Cavanşir hava şahini idi, onun döyüş yolu Qarabağda Ağdərənin əlçatmaz yüksəkliyindən başladı. Müharibənin ilk günlərindən döyüşə atılan Cavanşirin həyat yoluna 1992-ci il 06 avqust tarixində qara bir nöqtə qoyuldu. Vertolyotda (o vaxt adı belə idi) ondan başqa iki nəfər də var idi. Məcidov Zakir və Polovinka Ruslan. Onlar qartal kimi döyüşür, düşmənin başına od ələyirdilər. Mənfur düşmənə olan nifrət hissi onların damarda qanını coşdururdu.

Düşmənin atdığı mərmidən vertolyot göydə alışanda bu üç əqidə, məslək qardaşları paraşütlə tullanmadılar. Onlar düşmənə əsir düşməkdənsə şəhid olmağı üstün tütdülar.

Üç arzu sarayı uçuldu...

Üç döyünən ürək bir anda susdu...

Üç evin dayağı bir anda yıxıldı...

Üç igid oğul Vətənə dayaq olub, canlarından keçdilər.

Onların hər üçün Şəhidlər Xiyabanında eyni sırada yanaşı uyuyur.

Baxış sayı: 221