XƏBƏRLƏR
MƏLUMAT
Şəhid Bağır Ələkbərov haqqında videoçarx və informasiya məktubu təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
23/12/2020 01:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası sosial şəbəkələrdə şəhid haqqında yeni videoçarx və informasiya məktubunu təqdim edib.

“Tarix yazan igidlərimiz” layihəsi əsasında hazırlanan informasiya İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, müzəffər Azərbaycan ordusunun şücaətli igidlərindən biri olan, 2019-cu ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı, ölümündən sonra aldığı “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunan XTQ şəhidi  gizir Ələkbərov Bağır Əsəd oğlu haqqındadır.

Qeyd edək ki, Şəhid haqqında informasiya kitabxanaya qardaşı Ayxan Ələkbərov tərəfindən təqdim edilib.

XTQ şəhidi gizir Bağır Ələkbərov 10 fevral 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində hərbiçi ailəsində anadan olub.Atası kimi hərbiçi olmaq istəyən Bağır Ələkbərov 01 aprel 2013-cü ildə hərbi xidmətə yollanıb. O, Naxçıvan MR-nın  “N saylı” hərbi hissənin Xüsusi Təyinatlı Qüvvələrində snayperçi olub. Hərbidə keçirdiyi illər ərzində bir çox yerli və xarici təlimlərdə, Beynəlxalq yarışlarda iştirak edib və uğur qazanıb.

O, İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda Hadrut istiqamətində gedən döyüşlərdə cəsarət və igidlik göstərərək onlarla ermənini məhv edib. Bağır Ələkbərov 12-15 oktyabr tarixlərində Azərbaycan Respublikasının işğal altında olan 15 kəndinin azad olunması əməliyyatlarında iştirak edib.

Qəhrəman Bağır Ələkbərov 15 oktyabr 2020-ci ildə Hadrutda gedən şiddətli döyüşdə müqəddəs zirvələrdən biri olan şəhidlik zirvəsinə ucalıb.

Şəhidin atasına göndərdiyi son mesaj belə olub:

“Oğlunla fəxr et. İnşallah sağ - salamat qayıdacam. Narahat olma!”

İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan “Şəhidlər haqqında” informasiya məktubu və videoçarxda şəhid gizir Bağırın keçdiyi həyat yolu, hərbi fəaliyyəti, qardaşının onun haqqında olan xatirələri və komanda yoldaşının onun haqqında verdiyi informasiya əks olunub.

Videoçarxda Bağırın ilk sevinci olan oğlu Əsədlə fotoları, qazandığı uğurlarının göstəricisi sertifikatları, xidmət müddəti ərzində çəkdirdiyi şəkilləri də əks olunub. Onun tank üzərində sərrast atıcılığını əks etdirən video lenti də videoçarxda yer alıb. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olan bütün igidlərin qisasını alacağını söyləyən Bağır Ələkbərov Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar!

Qeyd edək ki, gizir Bağır Ələkbərov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun paradında XTQ-nin tərkibində iştirak edən Vətən oğullarından biri olub.

Qeyd edilən informasiyaları kitabxananın YouTube kanalından baxa bilərsiniz:

Baxış sayı: 1245