XƏBƏRLƏR
MƏLUMAT
Respublika Gözdən Əlillər Kitabxanasının yaradılmasından 40 il ötür
ÜMÜMİ XƏBƏRLƏR
01/06/2021 05:12

Gözdən Əlillər üçün Respublika Kitabxanası gözdən əlillər üçün informasiya müəssisəsidir. Kitabxananın əsas fəaliyyət istiqaməti respublikada olan gözdən əlilləri Brayl yazı sistemi ilə çap olunmuş ədəbiyyatla və “danışan kitablar”la (audiokassetlər, CD-lər) təmin edilməsidir. Gözdən əlillərə kitabxana-informasiya xidmətini daha da yaxşılaşdırmaq məqsədi ilə o zamankı Azərbaycan Korlar Cəmiyyətinin Bakı şəhərindəki obyektlərində yerləşən kitabxana və fonotekaların mərkəzləşdirilməsi zərurəti yaranıb. Bu cür kitabxanalar keçmiş müttəfiq respublikalarda da var idi. Buna görə də Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli, 11 nömrəli qərarına əsasən Respublika Mərkəzi Kitabxanasının yaradılması haqqında sərəncam verilib. 1 iyun 1981-ci ildə kiabxana fəaliyyətə başlayıb. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində maliyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və yeni “danışan kitablar”ın alınması mümkün olmayıb. Buna görə də Azərbaycan Korlar Cəmiyyəti Respublika Mərkəzi kitabxanası 01 yanvar 1994-cü il tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Bütün yaş kateqoriyalarını əhatə edən kitabxanada kitabxanaçıların əsas vəzifəsi oxuculara fərdi yanaşma tərzidir. Burada oxucunun görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi, digər xüsusi amillər nəzərə alınır. Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir. Həmçinin, oxucuların sonradan qazanılan əlilliyi olduğu halda onlara kiril və latın qrafikalı Brayl əlifbası öyrədilir, “Caus” ekran oxuma proqramı ilə təchiz olunmuş kompüterlərdən istifadə vərdişləri aşılanır. Kitabxananın 1200 oxucusu vardır. Son 5 il ərzində kitabxananın 25 oxucusu ali və orta ixtisas məktəblərinə qəbul olunub. Kitabxana fondunun xüsusi nəşrlərlə komplektləşdirilməsi işində nəzərə çarpacaq irəliləyiş edilərək fondun ümumi həcmi 22000 nüsxəyə çatdırılıb. Kitabxanaya Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunmuş 4 min 976 kitab hədiyyə edilib.

İstifadə olunub istismar müddətini bitirmiş disklər kitabxananın səsyazma studiyasında orjinal nüsxədən yeni nüsxələrə köçürülərək yenidən istifadə üçün fonda daxil edilir. Respublika Gözdən Əlillər Kitabxanası müasir ava­danlıqlarla təchiz edilib. Bunun sayəsində “danışan kitablar”ın artırıl­mış nüsxələri regionlarda fəaliyyət gös­tərən mərkəzi kitabxana sistemlərinə və ya Gözdən Əlillər Cəmiyyətinin yerli şöbələrinə təmənnasız hədiyyə edilir.

Kitabxana öz işini Respublika Gözdən Əlillər Cəmiyyəti ilə sıx əlaqədə qurur. Mütəmadi keçirilən tədbirlərdə əlil oxucularla sorğu keçirilir, sifariş veriləcək ədəbiyyatın seçimində hər bir oxucunun istəyi nəzərə alınır. Kitabxana 1 iyun 1981-ci ildən bu günə kimi Bakı şəhəri, 2-ci Sülh döngəsi, ev 2 ünvanında dördmərtəbəli binanın zirzəmisində 262 kv.m sahədə yerləşib. Kitabxanada Abonement şöbəsi, Oxu zalı, Səsyazma studiyası, Fonoteka, Brayl kitabları, Ənənəvi kitablar şöbələri ilə fəaliyyət göstərir.

Baxış sayı: 473