XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Xəlil Rzanın igid övladı Təbriz Xəlilbəyli
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2021 01:01

Təbriz Xəlil Rza oğlu Xəlilbəyli 12 fevral 1964-cü ildə Bakı şəhərində - Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirir və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir.

Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmır. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyir. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanıb. Onu cəsur bir döyüşçü kimi tanıyıblar. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dəfələrlə qəhrəmanlıq nümunəsi göstərib. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə o, Daxili İşlər Nazirliyinin “Bozqurd” mükafatına layiq görülüb.

O, 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Baxış sayı: 1088