XƏBƏRLƏR
MƏLUMAT
Qarabağın 18-ci əsr tarixi-memarlıq abidəsi - Şuşa qalası
ÜMÜMİ XƏBƏRLƏR
22/08/2019 00:23

Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən “Şuşa” sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan “şüşə” sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş edib. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir. Şuşa həm də öz tarixi  memarlığı ilə məşhurdur. Burada işğala gədər 129 memarlıq abidəsi yerləşirdi. Bu gün onlardan biri - Şuşa qalası haqqında söhbət edəcəyik.

Azərbaycanın Şuşa şəhərini qala divarları əhatə edir. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyub, uzun müddət alınmazlıq simvolu olub. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da ələ keçirilə bilməyib.

Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur. Mənbələr sadəcə bu qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdıldığı haqqında məlumat verir.

Şuşa şəhəri iki tərəfdən güclü qala divarı ilə əhatə olunmuşdur. Şəhərin yaranması Qarabağ xanlığının yaranması və onun qüdrətinin artması ilə bağlıdır. Xanlığın hökmdarı Pənahəli xan yadelli işğalçılardan müdafiə məqsədilə bir neçə qala, o cümlədən, Bayat və Şahbulaq qalalarını tikdirib, Əsgəran qalasını möhkəmlədib.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qısa müddət ərzində burada möhkəm hasar-qala, bazar, hamam, məscid və s. vacib binalar inşa olunur. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü Qala körpüsü kimi tanınır.

 

 

 

 

Baxış sayı: 60570