XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistan telekanalında Bakı şəhəri haqqında veriliş nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2023 10:19

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Heydər Əliyev İli" və Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Özbəkistan mətbuatının nümayəndələrinin Azərbaycana mediaturu təşkil olunub.

Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mediatur çərçivəsində Özbəkistanın “Sevimli TV” telekanalı tərəfindən şəhərin əsas ziyarət mərkəzlərindən olan Dağüstü Park, Hərbi Qənimətlər Parkı, Azərbaycan Milli Xalça Muzeyi və Dənizkənarı bulvar haqqında televiziya verilişi hazırlanıb.

Kanalın aparıcısı Niqora Elmuradova ilk olaraq tamaşaçıları Dağüstü Parkla tanış edərək qeyd edir ki, bura Azərbaycan paytaxtının ən hündür nöqtəsidir və buradan şəhərin özünə və Xəzər dənizinə, Dənizkənarı bulvara gözəl mənzərə açılır.

Jurnalist daha sonra çəkilişləri Hərbi Qənimətlər Parkında davam etdirərək, 44 günlük Vətən müharibəsi haqqında məlumat verib. Qeyd olunur ki, burada Azərbaycan xalqının öz ata-baba torpaqlarını erməni işğalından azad edilməsi şərəfinə xatirə park-kompleksi yaradılıb və parkda Vətən müharibəsi nəticəsində düşməndən hərbi qənimət kimi götürülmüş ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları və s. eksponatlar sərgilənir.

Daha sonra Azərbaycan Milli Xalça Muzeyini ziyarət edən yaradıcı heyət sözügedən muzeylə bağlı reportaj hazırlayıb. Burada qeyd olunur ki, xüsusi memarlıq üslubunda tikilmiş Milli Xalça Muzeyi müasir Bakının ən tanınmış memarlıq simvollarından biridir və xarici turistlərin ziyarət etdiyi məkanlar arasında ilk yerlərdən birini tutur. Burada o da vurğulanır ki, muzeyin Azərbaycanda qədim xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində xüsusi rolu vardır.

Muzeyin əməkdaşları tərəfindən verilən məlumatda Xalça Muzeyində 6000-dən çox eksponat toplanıb, bu da Azərbaycan xalçalarından ibarət dünyanın ən böyük kolleksiyasıdır. Burada sərgilənən nümunələrin əksəriyyəti XVII-XX əsrlərə aiddir və müxtəlif üslub, məktəblərin xalçalarını təmsil edir.

Dənizkənarı bulvarda aparılan çəkilişlər zamanı aparıcı azərbaycanlıların həyat tərzindən, Bakının müasir memarlığından, şəhərin maraqlı küçələrindən, ləzzətli mətbəximizdən, azərbaycanlıların qonaqpərvərliyindən danışıb, həmçinin paytaxt sakinləri və turistlərlə söhbət edib.

Baxış sayı: 155