XƏBƏRLƏR
MƏLUMAT
“Nizami obrazları xalçalarda” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
12/07/2021 05:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonu Heydər Əliyev Mərkəzi 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədar "Nizami obrazları xalçalarda" adlı videoçarx hazırlayıb.

Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatının korifeylərindəndir. Onun ölməz əsərləri bəşəriyyətin bədii dühasının ən böyük nailiyyətidir. Nizami poemalarının motivləri əsasında hazırlanmış gözəl Azərbaycan, İran toxuculuq nümunələri, XVI-XVII əsrə aid metal, tikmə məmulatı XVI əsr Təbriz miniatür məktəbi ilə üslub vəhdətinin parlaq ifadəsidir.

O dövrdə Nizami poemalarının sujetinin miniatür tərtibatını təkrar edən kompozisiya quruluşunun rəngarəngliyi ilə fərqlənən xalçalar yaradılıb. Xalçalarda obrazların dolğunluğu və mürəkkəbliyi rənglərlə həmahəngliyi diqqəti cəlb edir. Xalçaçılar ciddi düşünülmüş kompozisiya yaradaraq, çoxsaylı fiqurları vahid bədii tamlıqla birləşdirmək kimi çətin işi uğurla həll edə biliblər. Xalçanın kompozisiyası real, canlı və bitkindir. Xalçaların xarakterik xüsusiyyətlərindən biri də burada ənənəvi motivlərlə yanaşı, Avropa incəsənətindən gələn motivlərdən istifadə olunmasıdır.

Müasir Azərbaycan xalçaçı-rəssamlar sujetlərin tərtibatında Nizami poeziyasının zəngin xəzinəsindən bəhrələniblər. Onların yaratdıqları əsərlər dahi Nizaminin ölməz obrazlarının əbədi həyatının parlaq səhifələridir.

Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CROCzWhhcRw/?utm_medium=copy_link

https://fb.watch/v/55JoAfKA7/

Baxış sayı: 139