XƏBƏRLƏR
MƏLUMAT
Nizami Gəncəvi abidəsi haqqında məlumat təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2021 02:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi abidəsi haqqında məlumat təqdim edir.

Azərbaycan ədəbiyyatında intibah yaratmış dahi Nizami Gəncəvinin heykəlinin açılışı 1949- cu ilin aprel ayında olub. Heykəl Bakı şəhərində, Nizami meydanında, İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində qoyulub.  Heykəlin müəllifi, Azərbaycanın Xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur.

Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir. Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılıb. Nizaminin əlində lülə halında bükülmüş kağız vardı, onun nəzərləri Nizami Muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlib. Şairin obrazının bitkin açılması üçün heykəltaraş qədim Azərbaycan libasından- əbadan və çalmadan istifadə edib.

Abidədəki  Nizaminin simasından  və onun görkəmindən müdriklik və böyüklük oxunur. Abidə aşağıdan, postamentin üzlərinin sayına görə səkkiz tunc barelyefdən ibarətdir və eni bir metrə qədər olan qurşaqla dövrələnib. Bunların yeddisinin üzərində Nizaminin “Xəmsə”sinin süjetlərinə aid şəkillər verilib. Burada biz dağları yaran Fərhadın və at belində Şirinin, sevgililər- Leyli və Məcnunun, hökümdar Nüşabə ilə söhbət edən Makidoniyalı İsgəndərin, əjdaha ilə vuruşan Bəhramın, bayquşların söhbətinə qulaq asan şahla onun vəzirinin və Nizaminin poemalarındakı başqa unudulmaz obrazların təsvirini görə bilərik.

Dahi şairin digər abidəsi İtaliyanın paytaxtı, Roma şəhərində Villa Borghese parkında, Viale Madame Leticia ərazisində yerləşir. Abidənin müəllifləri Azərbaycan Xalq rəssamı Səlhəb Məmmədov və heykəltəraş Əli İbadullayevdir. Abidənin açılışı 2012-ci il aprelin 20-də baş tutub.

Baxış sayı: 1128