XƏBƏRLƏR
MƏLUMAT
Nisgilli ürəyin arzusu
ÜMÜMİ XƏBƏRLƏR
19/11/2020 01:14

Hüseynağa Hadıyev 1948-ci ildə Bakıda, Dağlı məhəlləsində doğulub. Onu uşaqlıqdan musiqi özünə çəkib. “Pionerlər evi”ndə qarmon dərnəyinə gedib, ifaçılığın sirlərini öyrənməyə çalışıb. Lakin bir gün dərnəkdən evə qayıdaraq əsəbi və küskün halda “Daha musiqi dərsinə getməyəcəyəm, müəllim dedi ki, səndən musiqiçi çıxmaz, çünki avarasan”, - deyir. Bu sözlər balaca oğlanın qəlbinə böyük yara vurur, bəlkə də bundan sonra özü də hiss etmədən daha yaxşı olduğunu göstərməyə çalışır və buna nail olur. İllər sonra ona o sözü deyən müəllim Hüseynağanı bağrına basır...

Əslində onun ifaçılıq məharəti də uşaq yaşlarından üzə çıxır. Lakin təvazökarlığı, bəlkə də utancaqlığı ona özünü göstərməyə mane olur. O vaxta qədər ki, yaxın dostu, bəstəkar Rizvan Ələsgərov təkidlə “Dan ulduzu” instrumental ansamblına gətirir. Yaraşıqlı və istedadlı gənc oğlanın fərqli, maraqlı, qeyri-adi səsi, tembri gözəl musiqiçimiz, mərhum sənətkar, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı və rəhbəri Gülarə Əliyevanın diqqətini cəlb edir və o, ifaçını ansambla qəbul edir. Beləcə, Dağlı məhəlləsinin dəliqanlı gəncinin böyük səhnəyə yolu açılır. Hüseynağa Hadıyev ömrünün sonunadək "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. Elə ansamblın üzvləri də, bədii rəhbəri Gülarə xanım Əliyeva da onun xətrini çox istəyib. 

Hüseynağa Hadıyevin mahnıları təkcə bənzərsiz səsin üzərində dayanmır, həm də belə təəssürat yaranır ki, sanki müğənni oxuyacağı mahnının sözlərini, musiqisini zərrəbin altında seçib. Maraqlıdır ki, sənət dostları da belə deyir: “O, ürəyinə yatmayan mahnını oxumazdı. Bəlkə elə bu səbəbdəndir ki, oxuduğu bütün mahnılar da (“Unuda bilmirəm”, “Gəl barışaq”, “Köçəri quşlar”, “Gecələr bulaq başı”, “Bu gecə”, “Bir xumar baxışla”, “Mənim dünyam”) dinləyicilərin ürəyinə yatıb, yadda qalıb. Amma istedad da ayrı şeydir. Onun səsinin, əksinin hopduğu mətnlər, musiqilər, mahnılar, rəsmlər unudulmur. O, rahatlıqda daim sənin beynini dəlir, ruhunu dincəldir, ya da əksinə, narahat anlarda əlindən tutur, qeyri-adi rahatlıq gətirir...

Tanıyanların dediyinə görə, o zahirən sakit, təmkinli görünüb. Amma məlum bir həqiqət var: sakit, təmkinli görünüşün altında həmişə coşqun qəlb yatır və bu coşqunluq bir gün mütləq partlayış şəklində özünü büruzə verir. Bu partlayış onun mahnılarıydı. Bu ifa “elə bil ki, nağıllar, əfsanələr danışır”dı. Sənətkarı onun sənət dostu və məhəllə yoldaşı, gözəl tarzənimiz, Xalq artisti Zamiq Əliyevin xatirələri işığında anırıq: “Onunla bir məhəllədə böyümüşük. Bizim evimiz “Dörd pilləkən”in altında, N.Nərimanovun heykəlinin aşağı hissəsində idi. Ondan yuxarıdakı məhəllədə Hüseynağagil olurdu. Mən filarmoniyada çalışırdım. Hüseynağa isə həmin vaxtlarda həm “Dan ulduzu”nda, həm də paralel olaraq filarmoniyada işləyirdi. Bir gün mənə “Gedək, “Dan ulduzu”nda konsertimiz var, orada ifa et. Gülarə xanıma söz vermişəm ki, yaxşı tarzənimiz var, onu gətirəcəyəm”, - dedi. Günlərin bir günü məni ansamblın radiodakı ənənəvi canlı konsertində ifa etməyə dəvət etdi. Təbii ki, radioda canlı konsertdə, özü də məşqsiz-filansız ifa etmək o vaxt mənə çətin görünürdü. Amma buna baxmayaraq, o israr edib və məni də özü ilə konsertə apardı. Nə isə biz getdik və təxmini iki saatlıq məşqdən sonra canlı konsertə çıxdıq. Bax, elə o vaxtdan ansamblla əlaqələrim yaranıb. Hüseynağa Hadıyev özünəməxsus səs, ifa manerası ilə seçilən sənətkarlardandı. O, həm də gözəl insan, dost, həmkar, sənət yoldaşı idi. Oxuduğu mahnıları elə ustalıqla seçib, elə ifa edirdi ki, istər-istəməz bəstəkarın bu mahnıları məhz onun səsinə yazdığını düşünürdün. Təsadüfi deyil ki, onun bənzərsiz səsi həmin mahnılara öz möhürünü vurub. Xarakter etibarilə nə qədər çılğın, emosional olsa da, ifasında tam əks insanı görürdük. Səs sanki sakit bir bulaq idi. İncə, zərif, duyğulu səs insana ilham verib. Təəssüf ki, həyatdan erkən getdi. Amma fərqli səsi, ifası və görünüşü ilə minlərin, milyonların xatirində qala bildi. Bu mənada düşünürəm ki, nə qədər Azərbaycan musiqisi, ifaçılığı var, Hüseynağa da olacaq, yaşayacaq”.

İfaçının səsi, ifası ilə yanaşı, görünüşünə də xüsusi önəm verdiyini deyən Z.Əliyev onun indi populyar olan imic anlayışını hələ o zaman formalaşdıra və çətin də olsa, qəbul etdirə bildiyini deyir: “Hüseynağanın fərqli saç düzümü və geyimi, səhnəyə yaraşan görünüşü və tamaşaçı qarşısına çıxarkən daimi məsuliyyəti insanı valeh edirdi. O çalışırdı ki, hər konsertə fərqli kostyum geyinsin, fərqli görünsün”.

Bir çox “Sovetski” gəncləri kimi, onun da göyərçin saxlamağa meyli varmış. Uşaqlıqdan sevdiyi bu məşğuliyyətindən sonrakı illərdə də əl çəkə bilməyib. Bu barədə xatirələrini bizimlə bölüşən “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri, Əməkdar artist Tariyel Abbasov danışıb: “O, gözəl sənətkar, mükəmməl ifaçı olmaqla yanaşı, həm də yaxşı yoldaş, dost idi. Özünəməxsus insan idi. Səhnədə fərqli səs və görünüşü ilə tamaşaçı rəğbətini qısa zamanda qazanıb. O illərin elit Bakı toylarının əksəriyyətinin ifaçısı o olardı. Gözəl musiqi duyumu vardı. Hər mahnıya bir rəng qatıb. Elza İbrahimovanın “Gecələr bulaq başı”, “Gəl barışaq”, Emin Sabitoğlunun “Bu gecə”, “Sən olmuşam”, Oqtay Kazıminin “Köçəri quşlar” mahnılarına o sanki möhürünü vurub. Dediyim kimi, yaxşı yol yoldaşlığı da vardı. Onunla bir neçə xarici ölkədə qastrolda olmuşuq. Bu uzun yollarda vaxtın necə keçdiyini bilməzdik. Çox məzəli zarafatları və şaqraq danışığı vardı. Maraqlı vərdişlərindən biri də quşbazlığı idi. Təsəvvür edin ki, hər zaman fikri sevimli göyərçinlərinin yanında olub. Günlərin bir günü o, qonşusu, qarmon ifaçısı, Əməkdar artist Faiq Əlibalayevi səhər saat 6-da yuxudan oyadır ki, bəs, dur, səninlə vacib işim var. Hövlnak döyülən qapıya yuxudan qalxan Faiq Hüseynağanı görüb duruxur. Dostunun çaşqın baxışlarına məhəl qoymayan Hüseynağa “Tez maşını işə sal, sür Sabunçu bazarına. Qədeşim, quşlarım acından öldü e, gedək dən alaq” - deyir. Yarıyuxulu Faiq təbii ki, buna əsəbiləşsə də, büruzə vermir. Hüseynağa bax belə xarakterli, çılğın təbiətli və ən əsası gözəl, kövrək, duyğulu insan idi. Onun bir cəhəti də özünə vurğunluğu idi. Təsəvvür edin ki, geyimlərinə o qədər düşkün idi ki, hər qastroldan iki çamadan paltarla qayıdardı. Təbii ki, bu da onun özünə və tamaşaçısına olan ehtiramından qaynaqlanıb. O, izləyici qarşısında qüsursuz görünmək istəyib”.

Hüseynağa Hadıyev türk mahnılarının Azərbaycanda ilk ifaçılarından olub. Məşhur türk müğənnisi Zəki Mürənə xüsusi rəğbəti var idi. Dostlarının sözlərinə görə, tez-tez, həm də yanıqlı bir avazla: “Nədən saçların bəyazlanmış, arkadaş?” mahnısını oxuyarmış. Sanki hiss edib... hiss edib ki, az qalır... tezliklə istedad tanımayan amansız xəstəlik onun bədənini cənginə alacaq...

Hüseynağa Hadıyev ömrünün son günlərini xəstəxana çarpayısında keçirib və... Hamı kimi onun da öz dünyası vardı, kimsənin bilmədiyi, tanımadığı, tanımayacağı dünyası. Bu dünya haqqında yazmaq olduqca çətindir, çünki onu yalnız hiss etmək olar. Özü də sadəcə dinləməklə. Biz də bundan sonra yalnız bu dünyanın zaman-zaman ifa şəklində təzahür etmiş inikasını dinləyəcək, dinləyib sevəcəyik... Və sevə-sevə də sevimli dünyadan və onu bizə sevdirənlərdən uzaqlaşacağıq.

   

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2012.- 20 iyun. S. 15.

Baxış sayı: 227