XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana qəzəlxan şair Arif Buzovnalının yaradıcılığına həsr olunan videoçarx və məlumatlar paylaşıb
ÜMÜMİ XƏBƏRLƏR
07/09/2020 02:25

Bakı Şəhər Baş Mədəniyyət İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şair, qəzəlxan, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri Arif Buzovnalının doğum günü ilə əlaqədar videoçarx və məlumatlar hazırlayıb.

Kitabxananın əməkdaşı şairin "Xəzərim" şeirini səsləndirib. Arif Buzovnalı 1972-ci ilin 6 sentyabrında Bakının Buzovna kəndində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.

Arif Buzovnalının ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir “Azərbaycan gəncləri” qəzetində çap olunub.

Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda -  “Azərbaycan gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, həmçinin “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” Beynəlxalq Şeir Müsabiqəsinin, 2010-cu ildə Urmiyədə keçirilən “Rəzəvi” Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən isə həmin festivalın türkdilli şeir üzrə münsifidir. Azərbaycan, Türkiyə, İran, Ukrayna, Rusiyada keçirilmiş bir çox elmi və ədəbi konfranslarda iştirak edib, müxtəlif diplom və mükafatlara layiq görülüb. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında cap olunub. Altı kitabı işıq üzü görüb və müxtəlif almanaxlarda əsərləri yer alıb. Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var.

2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2016-cı ildə təsis edilmiş Azərbaycan Yazıçılar Birliyinin Xəzər yazıçılar bölməsinin sədridir. 2017-ci ildən isə bölmənin tərkibində fəaliyyət göstərən “Poeziya klubu”nun sədridir.

Ailəlidir, iki övladı var.

Mövzu ilə bağlı videoçarxı və məlumatları aşağıdakı keçidlərdən izləyə bilərsiniz. 

https://m.facebook.com/story.php?story_fbid=410583273243617&id=100028758428301&sfnsn=mo&extid=2nkxZO1PH1d6KICj

https://www.instagram.com/p/CEzAqf7BO4H/?igshid=4jp5e5gy9jcg

https://www.instagram.com/tv/CEyvQKnhIDh/?igshid=pfmzstw4d8

https://www.instagram.com/tv/CEy2b_jBFNG/?igshid=1aju8582gm9tu

 

Baxış sayı: 179