XƏBƏRLƏR
MƏLUMAT
İtaliyadan dünyaya gözəlliyi və peşəkarlığı ilə səs salan – tamaşaçıların sevimlisi Sofi Loren
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2021 01:17

Dünya şöhrətli italyan aktrisa, bütün əsas və məşhur beynəlxalq kino festivallarının mükafatlarını qazanmış, “Xarici filmdə ən yaxşı qadın roluna görə” “Oskar” və “kinematoqrafa sönməyən parlaqlıq gətirən, yaddaqalan obrazlarla zəngin karyeraya görə” xüsusi “Oskar” mükafatına layiq görülmüş ilk aktrisa, bir neçə kitabın müəllifi Sofi Loren (Sophia Loren, əsl adı Sofiya Villani Şikolone) 20 sentyabr 1934-cü ildə Romada anadan olub. Şöhrətin ilk pilləsi onun 14 yaşında ikən yerli gözəllik müsabiqəsində qələbəsi olub. 1952-ci ileə ildə isə Sofiya prodüser Karlo Ponti ilə tanış olub, bu tanışlıq ona böyük kinonun qapılarını açıb, Ponti sonradan aktrisanın həyat yoldaşı və iki oğlunun atası olub. İlk vaxtlar Sofiya epizodik rollarda çəkilib. Ona məşhurluğu Vittorio De Sikanın “Neapolun qızılı” filmi (1954) gətirib. Məhz Vittorio De Sika Sofi Lorenin aktyorluq istedadını kaşf edib, onun müəllimi və rejissoruna çevrilib. Aktrisa ən gözəl obrazlarını məhz onun sayəsində ifa edib. O neapolitan qızının tək gözəlliyini və temperamentini istifadə etməyib, ona ağlını işlətməyi, müşahidə etməyi və həyat təcrübəsi toplamağı öyrədib. Bütün bunlara isə aktrisa iradəsi, dözümlülüyü və əzmkarlığı sayəsində nail olub.

Sofiya sürətlə tamaşaçı rəğbəti qazanıb və məşhue kinorejissorların diqqətini cəlb etməyi bacarıb. İlk vaxtlar aktrisa “Lazarro” ləqəbi altında çəkilməyə başlayıb, sonra Pontinin təsiri ilə yaxşı səslənən “Loren” ləqəbini götürüb və peşəkarlıqla səhnə sənəti ilə məşğul olmağa, zahiri görünüşünə diqqət etməyə başlayıb, özünüinkişafla məşğul olub.

1950-ci illərin ortalarında Sofiya İtaliyanın tanınmış ulduzu və seks-simvolu olur. 1957-ci ildən Loren fəal surətdə Hollivudda çəkilməyə (bəzən uğursuzluğa düçar olsa da) başlayır, burada o, demək olar ki, dövrünün ən məşhur aktyorları ilə işləyir və dahi Çarlı Çaplinin sonuncu filmində - “Honqkonqlu qrafinya”da (1967) rol alır.

Amerikadan qayıdandan sonra Loren Avropada da uğurla çəkilməyə davam edir. əlbəttə ki, daha çox sevimli rejissoru De Sikanın ekran əsərlərində - “Çoçara” (1961), “Dünən, bu gün, sabah” (1963), “İtalyan sayağı nikah” (1964),, “Günəbaxanlar” (1970) filmlərində bir neçə əhəmiyyətli qəhrəmanlar yaradır. “Çoçara” filmində rolu aktrisaya məşhurluq gətitit və bir çox kinofestivalların mükafatlarına layiq görülür.

Lorenin qəhrəmanları həqiqiliyi, həyatiliyi və parlaq xarakteri ilə diqqəti cəlb edir. Onun istedadı isə mübahisəsizdir. Sofi Loren uzun müddət daimi tərəf-müqabili Marçello Mastroyani ilə ekranı paylaşıb. Bu cütlük kino tarixində ən məşhur duetlərdən biri sayılır.

1994-cü ildə o, Matroyani ilə sonuncu dəfə Robert Oltmenin “Yüksək dəb” filmində çəkilib, 2002-ci ildə isə öz oğlu Eduardo Pontinin “Öz aramızda” filmində ikinci plan rolunda ekranlara gəlib. 2020-ci ildə Sofi Lorenin baş rolda iştirakı ilə onun yeni filmi “Həyat hələ qabaqdadır” dramı ekranlara çıxıb.

2014-cü ildə “Damiani” zərgərlik şirkəti aktrisanın şərəfinə “Sopia Loren” zinət əşyaları kolleksiyasını buraxıb və Sofi Loren kolleksiyanın siması olub.

Aktrisa bu gün də gəncliyində olduğu kimi, cazibədardır. Onun insanı valeh edən təbəssümü hər zamankı kimi tamaşaçıları laqeyd qoymur. Sofi Loren yaşını gizlətmir və yaşadığı illərin, böyük təcrübəsinin layiqli daşıyıcısı olaraq qalmaqdadır. O, xeyriyyəçiliklə məşğuldur və kitablar yazır.

Baxış sayı: 206