XƏBƏRLƏR
MƏLUMAT
İstiqlal Muzeyinə hədiyyə olunmuş rəsm əsərinin təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/04/2024 09:23

Aprelin 5-də Azərbaycan İstiqlal Muzeyində Xalq rəssamı Altay Hacıyevin qızı Səyyarə Hacıyeva tərəfindən Muzeyə hədiyyə olunmuş “Həmidə Cavanşir və Cəlil Məmmədquluzadə” adlı rəsm əsərinin təqdimat mərasimi keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Mədəniyyət xeyriyyəçilik” layihəsi çərçivəsində təşkil olunan tədbirdə, həmçinin rəssamın İstiqlal Muzeyinin fondunda qorunub saxlanılan və onun şəxsi kolleksiyasından olan rəsm əsərləri nümayiş olunub.

“Həmidə Cavanşir və Cəlil Məmmədquluzadə” adlı portret qonaqların böyük marağına səbəb olub. Eyni zamanda, rəngkarlıq əsərlərindən olan “Sara Xatun”, “Xurşidbanu Natəvan”, “Aşıq Pəri”, “Məhsəti Gəncəvi” əsərləri sərgidə nümayiş edilib.

Tədbirdə Xalq rəssamı Altay Hacıyevin ailə üzvləri, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-mədəni irs şöbəsinin şöbə müdiri Sevil Kərimova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Bülbülün ev-muzeyinin direktoru Fərqanə Cabbarova, “Yeni Qaleri” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov və ADRA-nın tələbələri iştirak ediblər.

Sərgi aprel ayının 16-dək davam edəcək.

Qeyd edək ki, “Mədəniyyət xeyriyyəçilik” layihəsi çərçivəsində Xalq rəssamları Xanlar Əhmədov və Əşrəf Heybətov, rəssam Nazim Məmmədov, heykəltaraşlar Rahib Qarayev və Nəriman Tağıyev öz əsərlərini İstiqlal Muzeyinə hədiyyə ediblər.

Baxış sayı: 343