XƏBƏRLƏR
MƏLUMAT
Həyata təbəssümlə baxan sənətkar – Ağaxan Salmanlı
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2020 01:42

Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. Aktyor kimi ilk addımlarını Suraxanıda fəhlə gənclər dram dərnəyində atan A.Salmanlı 1964-cü ildə Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunu bitirib. Həmin il oktyabr ayının 1-dən Gənc Tamaşaçılar Teatrında peşəkar səhnə fəaliyyətinə başlayıb. İlk rolu Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında hazırlanan tamaşada Cəfər Cabbarlı obrazı olub.

O, teatrda Romeo, Bekingem (“Romeo və Cülyetta”, “III Riçard” V.Şekspir), Dinar (“Yadındamı?” A.Məmmədov), Səməd (“Sən nə üçün yaşayırsan?” İ.Qasımov, H.Seyidbəyli), Kazım, Qulam, Zülfəli (“Məhəbbət bir bəladır”, “Pul dəlisi”, “Açarını itirənlər”Ə.Orucoğlu), Artur (“Ovod”  E.Voyniç), Hacı Murad (“Tamahkar” S.S.Axundov), Kərbəlayi Mirzalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə), Flibert (“Məzəli hadisə” K.Qoldoni), Molla Nəsrəddin (“Molla Nəsrəddin və Əmir Teymurun filləri” Əjdər Ol), Milisoner Səfər (“Buzovna kəndinin əhvalatları” Elçin), Dədə Qorqud (“Şahzadə Xəzərin nağılı” K.Ağabalayev, N.Kazımov) və s. yaddaqalan obrazlar yaradıb.

Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası Ağaxan Əli oğlu Salmanlı 2020-ci il fevral ayının 29-da ömrünün 78-ci ilində vəfat edib.

Zaman keçəcək, lakin onun təbiiliyi, həyatiliyi, emosional təsiri, dərin psixoloji yozumu ilə seçilən obrazları gözəl sənət nümunələri kimi yaddaşlarda yaşayacaqdır.

Baxış sayı: 309