XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar mədəniyyət işçisi Nazilə Tahirovanın 65 illiyidir
ÜMÜMİ XƏBƏRLƏR
12/11/2020 00:56

Nazilə Rəhman qızı Tahirova 1955-ci il noyabr ayının 12-də Bakı şəhərində anadan olub.

1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaşünaslıq və biblioqrafiya fakültəsində təhsil alıb.

1978-1990-cı illərdə Respublika Elmi-Texniki Kitabxanasında kitabxanaçı, böyük kitabxanaçı və bölmə müdiri vəzifələrində çalışıb.

1990-cı ildən F.Köçərli adına Respublika Uşaq Kitabxanasında işləyir. 1990-2010-cu illərdə 4 saylı filialın İncəsənət şöbəsinin, 2010-cu ildən Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır. Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği sahəsində şöbənin profilinə uyğun elmi tədqiqat işlərinin təşkilində, kitabxananın ölkəşünaslıq üzrə elektron kataloqu və kartotekalarının vahid bazasının yaradılmasında xüsusi xidmətləri vardır.

Ölkəşünaslıq işinin nəzəri və metodiki məsələlərilə əlaqədar problemlərin həllində yaxından iştirak edir. Respublika Uşaq Kitabxanaları üçün ölkəşünaslıq xarakterli “Tolerantlıq”, “Gənc anaların maarifləndirilməsi”, “Uşaq hüquqları”, “Azərbaycanın Milli Mətbəx paytaxtı - Qax”, “Azərbaycanın ədəbiyyat paytaxtı -Şamaxı”, “Şəki Türk dünyasının mədəniyyət paytaxtı”, “Bakı kəndləri”, “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı - 2018”, “Bakımızı tanıyaq”, “Azərbaycanın Sənətkarlıq paytaxtları”, “Azərbaycanın folklor paytaxtları” və s. mövzularda tövsiyə biblioqrafik göstəricilər tərtib edib.

2013-cü ildən “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası adı altında nəşr olunan “Firidun bəy Köçərli. Biblioqrafiya”, “İlyas Tapdıq. Biblioqrafiya”, “Mikayıl Rzaquluzadə. Biblioqrafiya”, “Abdulla Şaiq. Biblioqrafiya”, “Abbas Səhhət. Biblioqrafiya”, “Mir Mehdi Seyidzadə. Biblioqrafiya” kimi fundamental göstəricilərin müəllifidir.

Müxtəlif elektron məlumat bazalarının təşkili üzrə əhəmiyyətli iş aparır. “Abdulla Şaiq - 135”, “Azərbaycanın folklor paytaxtı Qusar”, “Abbas Səhhət Mehdizadə”, “Mikayıl Rzaquliyev”, “Mir Mehdi Seyidzadə - 110”, “Şəki 2016 - Türk dünyasının mədəniyyət paytaxtı”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” adlı elektron məlumat bazalarının hazırlanmasında N.Tahirovanın xüsusi xidmətləri vardır.

Azərbaycan mədəniyyətinin, xüsusilə kitab mədəniyyətinin inkişafında, uşaq ədəbiyyatının təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 dekabr tarixli Sərəncamına əsasən Nazilə Tahirova “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Baxış sayı: 416