XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Rizvan Pirnəzərov
ÜMÜMİ XƏBƏRLƏR
13/08/2021 01:37

Rizvan Pirnəzərov 1963-cü il 25 fevral tarixində Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olub. 1980-ci ildə S.Vurğun adına Gölkənd kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Məktəbinə daxil olub. 1984-cü ilin avqustunda təhsil müddəti qurtardıqdan sonra Əfqanıstan Respublikasına göndərilib. Əfqanıstanda 80-dən çox döyüşlərdə iştirak edib. Göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni, SSRİ və Əfqanıstan Respublikasının medalları ilə təltif olunub. 1986-cı ilin sentyabrından 1990-cı ilin aprelinədək Pribaltika Hərbi Dairəsində qulluq edib.

Rizvan cəmi 29 il yaşayıb. Ölkəmizin başı üstünü qara buludlar alanda o, "Vətəni vətən oğlu qoruyar" deyərək öz arzusu ilə Azərbaycana - doğma torpağına qayıdıb. Hələ o zaman ermənilərin Azərbaycana təcavüzü başlayanda Rizvan Estoniyada qulluq edib. Hər gün Qarabağdan və digər sərhəd bölgələrindən dəhşətli xəbərlər gəldikcə, Rizvan Pirnəzərov daxilən daha da narahat olub.

1990-cı ilin ortalarında Rizvan Pirnəzərovu Estoniyada yerləşən Pribaltika Hərbi Dairəsindən MDB-nin zabiti kimi Tbilisi şəhərində yerləşən Qafqaz Hərbi Dairəsinə göndəriblər. O, Gəncə şəhərində yerləşən hərbi hissənin motoatıcı taburuna komandir müavini təyin edilib. Həmin tabur əvvəlcə Gədəbəy rayonunun Şınıx bölgəsini müdafiə edib. Bir neçə aydan sonra isə onu Qazax rayonunun sərhəd kəndlərinə göndəriblər.

O, gərgin döyüş zonası olan Qazaxın Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Bərxudarlı kəndlərində gedən döyüşlərdə fəal iştirak edib. Dəfələrlə, silahları qaçırıb, Rusiyaya aparmağa çalışan rus zabitləri ilə mübahisə edib, hətta onlarla əlbəyaxa da olub. Buna görə onun kapitan rütbəsi əlindən alınaraq, sıravi əsgər səviyyəsinə endiriblər. Bu haqsızlıqlara dözməyən Rizvan el-obasının məskunlaşdığı Çənlibel kəndinə gələrək, könüllülərdən ibarət özünümüdafiə batalyonu yaradıb. Sonradan bu batalyon 861-ci alayın 4-cü taburunda qanuni fəaliyyət göstərib. O, erməni faşistlərinə qarşı ilk döyüşlərini Gədəbəydən başlayıb. Tez bir zamanda, cəsur və təcrübəli bir zabit kimi tanınıb. Şınıx bölgəsində ermənilərin hücumunun dəf edilməsində xüsusi fəallıq göstərib.

1992-ci ilin avqust ayında onun batalyonu həyəcan siqnalı ilə Gədəbəy rayonunun Şınıx bölgəsinə çağırılıb. Kapitan Pirnəzərov bir rota ilə Krasnoselo-Başkənd yolunu kəsərək, Ermənistandan gələ biləcək əlavə qüvvələri məhv etmək tapşırığı alıb. Əməliyyat planı da məhz cəsur kapitanın fəallığı nəticəsində hazırlanıb. Əsgərlərimizin döyüşkənliyi, komandirlərin, xüsusilə də Pirnəzərovun ekstremal şəraitdə qətiyyəti və bacarığı sayəsində Başkənd alınıb, düşmən qüvvələri məhv edilib. 1 ədəd "T-72", bir ədəd "ES" markalı yapon traktoru və bir ədəd "RPK" ələ keçirilib.

Gərgin döyüşlərin təşkilatçısı olan Rizvan sonuncu dəfə 10 avqust 1992-ci ildə saat 24 radələrində evə qayıdıb. İçəri daxil olmamış birdən zəng gəlib ki, hansısa istiqamətdən atışma olub. Rizvan cavab verib: "Əsgərlər döyüş vəziyyətinə gətirilsin, müdafiə mövqeyində qalın, mən dərhal gəlirəm".

Amma, təəssüflər olsun ki, bu gərgin döyüşdə Rizvan Pirnəzərov 1992-ci il 13 avqustda qəhrəmancasına həlak olub. Rizvan Pirnəzərov yaratdığı tabora elə bir iz qoyub gedib ki, o tabor cəbhədə mərdliklə vuruşub və tabe olduğu briqadada birinci olmağı ilə bərabər digərlərinə də nümunə olub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il 13 iyun tarixli Fərmanı ilə Rizvan Məhərrəm oğlu Pirnəzərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Biləcəri qəsəbəsindəki 299 nömrəli orta məktəb və Şəmkir rayonu Çənlibel kənd 2 nömrəli orta məktəbi şəhidin adını daşıyır. Rizvan Pirnəzərovun 299 nömrəli orta məktəbdə büstü qoyulub.

Baxış sayı: 150