XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Muxtar Avşarovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 09:27

Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvanda anadan olub. 1936-cı ildə Moskvada 3 aylıq mədəni-maarif kursunu bitirib. Aktyorluq fəaliyyətinə özfəaliyyət dərnəyində başlayıb.

1968-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirən aktyor bu teatrın səhnəsində "Xəyyam"da Xərabati, "Unuda bilmirəm"də Kərəm dayı, "Solğun çiçəklər"də Əbdül, "Pəri cadu"da Niyaz, "Darıxma, ana"da Ruben, "Maqbet"də Kral, "Vaqif"də Şeyx Alı, Qacar, "Od gəlini"ndə Yanardağ, "Ölülər"də Hacı Baxşəli, Şeyx Nəsrullah kimi diqqətçəkən obrazlar yaradıb.

Görkəmli aktyor "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən artıq filmə çəkilib. Bunlardan "Yenilməz batalyon", "Dəli Kür", "Qaçaq Nəbi", "Axırıncı aşırım", "Qatır Məmməd", "Qəm pəncərəsi" və s. qeyd etmək olar.

Milli Teatrda 23 il fəaliyyət göstərdikdən sonra aktyor Bakı Bələdiyyə Teatrında və paralel olaraq Azərbaycan Mədəniyyət Fondunun "Sönməyən ulduzlar" teatrında öz yaradıcılıq fəaliyyətini davam etdirib. Bələdiyyə teatrında Ə.Nesinin "Tənha qadınlar" tamaşasında Qaz yoxlayan, "Nadir şah"da Cavad xan, "Dəli Domrul"da Baba, "Vətənə igidlər gərəkdir"də Seyid Ağa, "Tomris"də Vəzir kimi uğurlu obrazlara imza atıb. Aktyorun çəkildiyi "Solğun çiçəklər", "Sarıköynəklə Valehin nağılı", "Diş ağrısı" tamaşaları milli televiziyanın Qızıl Fondunda saxlanılır.

Teatr sənəti sahəsində xidmətlərinə görə Muxtar Avşarov 1966-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adlarına, 2004-cü ildə "Şöhrət” ordeninə və Prezident təqaüdünə layiq görülüb.

Muxtar Avşarov yüksək səhnə mədəniyyətinə malik aktyor, həssas tərəf-müqabil idi. O, həm komik, həm faciəvi obrazları, həm baş, həm də epizodik rolları eyni məharətlə ifa edirdi.

Muxtar Avşarov 2004-cü il dekabrın 6-da Bakıda vəfat edib.

 

Baxış sayı: 188