XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış müğənni Anatollu Qəniyevin ad günüdür
ÜMÜMİ XƏBƏRLƏR
10/02/2021 00:15

Hər bir müstəsna istedad sahibi kimi, onda da dəyərini bilmək keyfiyyəti qədərində inkişaf edib. Deyirmiş ki, "xalqın sevimli artistiyəm, bu, mənə bəsdi".

Anatollu Qəniyev (10 fevral 1931 - 1 oktyabr 1985) estrada səhnəmizin nadir incilərindən idi. O, rəsmi şəxslərin diqqətində olmağa çalışmayan, fəxri adları isminin yanına düzməkdən ötrü dəridən-qabıqdan çıxmağı ağlına belə gətirməyən azad sənətkar idi. O, Yaradanın ona bəxş etdiyi lirik bariton səsinin təkrarsız imkanlarını bütün şirinliyi ilə musiqisevərlərə bəxş etməkdən aldığı həzzi hər şeydən üstün tuturdu. Anatollu Qəniyev peşəkar ifaçılıq fəaliyyətinə Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Televiziyasının xorunda başlayıb.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasında iştirak edib. 1960-cı illərin əvvəllərində Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Tofiq Əhmədovun rəhbərlik etdiyi Azteleradionun estrada orkestrinin solisti kimi Polşada, Almaniyada, Çexoslovakiyada, Kubada uğurlu qastrol səfərlərinə çıxıb.

1970-ci illərin axırlarında "Azkonsert" kimi tanınan Dövlət Konsert-Qastrol Birliyinin solisti olub. "Koroğlu", "Möcüzələr adası", "Ulduzlar sönmür", "Qanun naminə", "Alma almaya bənzər" filmlərinə yazılmış mahnıları ifa etməklə kino musiqisində də öz izini qoyub.

1985-ci ildə kəskin ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Anatollu Qəniyev uşaqlıqdan musiqiyə böyük həvəs göstərib, kinofilmlərdən eşitdiyi mahnıları həyətdə oxuyub. 1953-cü ildə əsgərlik xidmətini çəkəndən sonra Bülbülün məsləhətilə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə daxil olub. Bülbül onun oxumağını eşidəndə heyranlığını gizlədə bilməyib, deyib ki, bu, əsl "samorodok"du. Asəf Zeynallıda Firudin Mehdiyevin sinfində oxuyub. Zeynəb Xanlarova, Oqtay Ağayev, İslam Rzayev, Məmməd Salmanovla tələbə yoldaşı olub.

“Tələbə vaxtlarında "Araz" kinoteatrında çıxış edib. Yaradıcılığı boyunca çox bəstəkarlarla əməkdaşlıq edib. 1959-cu ildə Şəfiqə Axundova Özbəkistanın birinci katibi Şərəf Rəşidovun librettosu əsasında "Bamburun mahnıları" adlı operetta yazıb. Operettanın ilk radiotamaşasında bütün mahnıları Anatollu Qəniyev ifa edib. Tofiq Quliyev, Hacı Xanməmmədov, Arif Məlikov, Hökümə Nəcəfova, Vasif Adıgözəlov, Oqtay Rəcəbov, Ramiz Mirişli, Emin Sabitoğlu, Şahid Əbdülkərimov bir neçə mahnını məhz onun üçün bəstələyiblər. Məsələn, "Süfrə", "Nuş olsun", "Naznaz", "Badamlı" və çoxlu başqa mahnıların ilk ifaçısı atam olub. "Yenilməz batalyon" filminin mahnısını da Vasif Adıgözəlov atam üçün yazıb” – bu sözləri bəstəkarın oğlu müğənni Heydər Anatollu müsahibələrindən birində söyləyib. “Həmin mahnını filmdə Ceyhun Mirzəyevin qəhrəmanı oxuyur. Amma mahnını yazdıranda görüblər ki, atamın səsi ilə Ceyhunun sifət cizgiləri uyğun gəlmir. Ona görə də məsləhət olub ki, mahnını İslam Rzayev oxusun. İslam müəllim elə həmişə deyirdi ki, gərək radio, televiziya verilişlərində yeri düşəndə bu faktı danışaq. O vaxt müğənnilər bir-birlərinin mahnılarını umu-küsüsüz oxuyurdular. Çünki birinci yerdə sənətin inkişafı dururdu. Həm də İslam müəllim də atamın dostlarından biri idi. Mobil Əhmədovla da sirdaş idilər”.

Baxış sayı: 908