XƏBƏRLƏR
MƏLUMAT
Bu gün məşhur gitaraçı Rəmişin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2022 00:47

Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunda anadan olub. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi Texnikumunu bitirib. İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni zamanda “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq, milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.

Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək səviyyədə təbliğ edib. O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib. Azərbaycan ifaçılıq sənəti sahəsindəki xidmətlərinə görə Rafiq Hüseynov 2008-ci ildə Respublikanın Əməkdar artisti, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Rəmiş 5 aprel 2021-ci il müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Baxış sayı: 136