XƏBƏRLƏR
MƏLUMAT
Bu gün igid döyüşçü Cəbrayıl Cəbrayılovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2020 01:19

Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov 30 may 1959-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Əslən Laçın rayonunun Ələkçi kəndində olan Qasımuşağı nəslindəndir. O, 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirib. 1978-1980-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra sadə dülgər peşəsinə yiyələnib. Daim qurub yaratmaq arzusu, həvəsi ilə yaşayıb.

Cəbrayıl Cəbrayılov Qarabağ müharibəsinin qızğın dövründə baş verən hadisələrə biganə qalmayaraq qardaşı Əhməd və əmisi oğlu Əli Cəbrayılovla birgə silaha sarılıb, Ağdam rayonunun Qiyaslı kənd özünümüdafiə batalyonuna qatılaraq vətənin müdafiəsinə qalxırlar.

Qarabağda "Qurd Cəbrayıl" kimi ad-san qazanıb, ermənilərin ürəyinə türk xofu salan Cəbrayıl Cəbrayılov haqqında çox deyilib, çox yazılıb. O da deyilib ki, Cəbrayılın adı gələndə həmişə ermənilərin canına vəlvələ düşüb. Bu mərd, qorxmaz döyüşçü “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevin komandir olduğu 863 nömrəli hərbi hissədə “Qarabağ şahinləri” adlı batalyonda 1992-ci ilin yanvar ayından xidmətə başlayıb, ilk gündən bölük komandiri təyin olunub.

O, ilk dəfə 1992-ci ilin yanvarında Xramort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı Qaraqaya yüksəkliyi ermənilərin əlində idi. Yüksəklikdə özlərinə mövqe tutmuş erməni quldurları pulemyotla dinc sakinləri atəşə tutur, onların Xocalıdan Ağdam istiqamətinə hərəkət etməsinə maneə olurdu. Fevral ayının 26-sı səhər saatlarında Yaqub Rzayevin komandirlik etdiyi dəstə qızğın atışmalardan sonra yüksəkliyi ələ keçirir. Cəbrayıl Cəbrayılov bu döyüşlərdə rəşadətlə vuruşaraq 3 nəfər qadını və 2 uşağı xilas edir.

1992-ci il martın 6-da Cəbrayıl Əsgəran postunda 8 erməni quldurunu məhv edərək onlara məxsus 8 ədəd avtomat silahı və bir ədəd qumbaraatanı hərbi hissəyə gətirib təhvil verib.

1992-ci ilin may ayında Ağbulaq, Dəhraz, Naxçıvanik, Pircamal və Kətik kəndləri uğrunda gedən döyüşlərdə Cəbrayıl 7 erməni döyüscüsünü məhv edərək, düşmənin bir topunu hərbi qənimət kimi ələ keçirib. 1992-ci il 12 iyunda isə Cəbrayıl əsgərlərlə birlikdə Əsgəran ərazisinə girərək ermənilərin 1 gözətçi məntəqəsini zərərsizləşdirib və 1 tankını ələ keçiriblər. 1992-ci ilin 18 avqustda Gülyataq və Canyataq kəndlərini düşmənlərdən azad edərkən Cəbrayıl yeddi erməni döyüşcüsünü məhv edərək onlara məxsus dörd avtomat silahi ələ keçirib.

Cəbrayıl silahdaşları ilə dəfələrlə çətin kəşfiyyat əməliyyatına gedib. 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndinin düşməndən azad edilməsində ağır güllə yarası alaraq və hospitala yerləşdirilib. Qısa müddətdə müalicə olunaraq döyüşçü yoldaşlarının yanına qayıdıb və 1992-ci il sentyabrın 24-də Xanabad kəndi uğrunda döyüşlərə qatılıb. Lakin bu döyüş Cəbrayıl Cəbrayılovun son döyüşü olub. O, başından aldığı güllə yarasından şəhid olub.

Təhsil aldığı Söyüdlügöl kənd orta məktəbinin kollektivinin istəyi nəzərə alınaraq 1993-cü ildə oxuduğu məktəbə Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovun adı verilib. Məzarı Qiyaslı kənd qəbirsanlığındadır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il 4 oktyabr tarixli sərəncamı ilə Cəbrayılov Cəbrayıl Nuşirəvan oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Baxış sayı: 89