XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıqovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2021 00:25

“Peşəkar pianoçu royalın dillərinə dinləyicisinin qəlbinə təmas edirmiş kimi toxunmalıdır” - bu sözlər əbəs yerə deyilməyib. Axı pianoçunun səsləndirdiyi əsər ürəkləri ovudub, həyat eşqini artırmadıqca, kövrək, incə duyğulara can vermədikcə, onun yaradıcılığı da axsayır. Bir-birindən gözəl ifaları ilə könüllərə məlhəm olan sevimli pianoçumuz Çingiz Sadıqovun sehrli barmaqlarından qopan hər bir musiqi Azərbaycan mədəniyyət xəzinəsinin dəyərli sərvətidir.

Maestro Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 nömrəli Bakı Musiqi Məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.

Məşhur Azərbaycan müğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləyib, onları royalda müşayiət edib.

O, 1994-cü ildən ABŞ-da San-Fransisko şəhərində yaşayıb. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub.

Çingiz Sadıqov Azərbaycanın “Əməkdar artisti” və “Xalq artisti” fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə ABŞ-da vəfat edib.

Baxış sayı: 887