XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan əsilli fransız yazıçısı Baninin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
18/12/2020 02:11

Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (Banin) 1905-ci il dekabr ayının 18-də Bakıda varlı bir ailədə anadan olub.

O, fransız dilini, ingilis dilini mükəmməl öyrənib, həm Şərq, həm alman, həm də rus adətləri ilə böyüyüb. Bakıda erməni-rus birləşmələrinin təxribatlarından sonra Mirzə Əsədullayev ailəlikcə İrana köçməyə məcbur olub, 6 ay sonra yenidən Bakıya qayıdıb.

Ümmülbanunun atası Mirzə Əsədullayev Azərbaycan Xalq Cüm huriyyətinın Ticarət naziri olub. ADR-in süqutundan sonra Mirzə Əsədullayevin mülkü, dövlət tərəfindən müsadirə olunub, o, Fransaya mühacirət edib.

1924-cü ildə isə Ümmülbanu əvvəl Türkiyəyə, daha sonra Fransaya köçür. Paris həyatı, xüsusilə 20-30-cu illərin ədəbi mühiti Ümmülbanuya ciddi təsir göstərir. Banin öz yaradıcılığında bilavasitə Azərbaycanla bağlı mövzulara qayıdır, əsərlərini əsasən öz şəxsi həyat təcrübəsi üzərində qurur. O, Fransada “Benin” imzası ilə tanınır.

Yazıçının ilk romanı “Hami” 1934- cü ildə nəşr olunub. 1946-cı ildə mövzusu Azərbaycan həyatından götürülmüş bu əsərdən sonra Fransa ədəbi ictimaiyyətinin diqqətini cəlb edən “Qafqaz günləri”, “Paris günləri” (1947), “Ernst Yüngerlə görüş” (1951), “Mən opiumu seçdim” (1959), “Sonra” (1961), “Xarici Fransa” (1968), “Sonuncu ümidin zovu” (1971), “Ernst Yüngerin portreti” (1971), “Ernst Yünger müxtəlif sifətlərdə” (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – “Məryəmin mənə danışdığı” romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb. Ömrünün sonuna kimi, geriyə Vətənə qayıda bilməyən Ümmülbanu, Vətən sevgisini hər zaman əsərlərində nümayiş etdirir. Əsərlərini fransız dilində qələmə alıb.

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. Banin Buninin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılıb. O, Dostoyevskinin “Özgə arvadı” əsərini, Tatyana Tolstoyun xatirələrini rus dilindən, Ernst Yunkerin “Sülh” romanını almancadan, Qriqori Martonun “Dostum Blizzar” və V.T.Vakdın “Ser Polun, həqiqətən, dedikləri” əsərlərini ingiliscədən fransız dilinə tərcümə edib. Yazıçının “Qafqaz günləri”ndə 20-ci illərə qədərki tariximiz, milli mədəniyyətimiz, adət ənənələrimiz haqqında məlumatlar vardır.

Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” assosiasiyasının üzvü olan Ümmülbanu, 1990-cı illərdə də Dağlıq Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdiklərini də Fransa ictimaiyyətinə çatdıran ilk carçılarından olub. O, həmin hadisələr zamanı Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz xalqını müdafiə edən məqalələrlə çıxış edir, ermənilərin 1905-ci ildə də eyni hadisələri törətdiklərini, həmin hadisələrin yenidən təkrar olunduğunu yazır, Azərbaycanın haqq səsini Fransa ictimaiyyətinə çatdırıb.

1992-ci il, hələ müharibə bitməmiş, oktyabr ayının 23-də Ümmülbanu əsrin əvvəllərində tərk etməyə məcbur qaldığı Vətənə heç vaxt dönmədən Fransada vəfat edib.

 

Baxış sayı: 311