XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı yazıçının pyesi Rusiyada səhnələşdirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 09:28

Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında tanınmış azərbaycanlı uşaq yazarı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın yaradıcısı və rəhbəri, tanınmış rejissor-ssenarist Valeri Qriqoryev, rəssamı modelyer Marina Zavırilina, musiqi tərtibatçısı isə peşəkar bəstəkar-aranjemançı Vladimir Nikonovdur.

Tamaşada, həmçinin dünya musiqi klassiklərinin məşhur əsərlərinə müəllif improvizasiyalarından da istifadə edilib.

Böyük ölçülü cəlbedici kuklaların iştirak etdiyi tamaşanın premyerası martın 30-da Ulyanovsk Uşaq və Gənclərin Yaradıcılıq Sarayında keçirilib.

Qeyd edək ki, sözügedən əsərdə əsas ideya sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.

Baxış sayı: 112