XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov
ÜMÜMİ XƏBƏRLƏR
08/10/2021 02:03

Baloğlan Əşrəfov 1951-ci il oktyabr ayının 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə tam orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.

1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.

1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib.

1989-cu ildə yaratdığı "Şəhriyar" (“AzKonsert”in nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında konsertlər verib.

Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib.

"Səsi quran sədasıdır" kitabında bütün böyük sənətkarlar öz müsbət rəylərini veriblər. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib.

Dəyərli sənətkar 1982-ci ildə "İstedadlar axtarırıq" konsert müsabiqəsinin laureatı, 2007-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb.

Baloğlan Əşrəfov koronavirus (COVID-19) infeksiyasına yoluxaraq 27 aprel 2021-ci ildə vəfat edib.

Baxış sayı: 189