XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Respublikasının Əməkdar artisti Hicran Hüseynov
ÜMÜMİ XƏBƏRLƏR
01/03/2022 00:17

Hicran Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olub. 1961-ci ildə həmin texnikumu bitirib. Sovet ordusu sıralarına çağırılıb və 1964-cu ildə ordu sıralarından tərxis olunub.

1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilib.

Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağırılıb. İkiillik vəzifə borcunu yerinə yetirdikdən sonra, Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olub və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilib.

1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlayıb, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam etdirib.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. AZTV-nin "Mədəniyyət" kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirib.

Hicran Hüseynov 1 mart 2013-cü ildə vəfat edib, Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.

Baxış sayı: 350