XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan estradasında öz dəsti-xətti olan Xalq artisti İlhamə Quliyeva
ÜMÜMİ XƏBƏRLƏR
25/02/2021 01:06

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəran şəhərində anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İlhamə Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutub. O, 1965–1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970–1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirib. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirib.

Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil edib.

İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilib. O, 1982-ci ildə "Azərbaycan SSR-nin Əməkdar artisti", 1998-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarını alıb.

Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət", 2013-cü ildə isə "Şərəf" ordenlərinə layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat edib.

İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşı Faiq Mirmöhsünovun soyadını daşıyıb. Lakin sənətkar ayrıldıqdan sonra öz soyadına qayıdıb.

Mərhum müğənni 73 yaşında dünyasını dəyişib.

Sənətçi 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən ifaçının evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.

Baxış sayı: 133