XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2024 09:37

Mayın 13-ü görkəmli bəstəkar, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, Azərbaycan SSR Xalq artisti Qara Qarayevin vəfatının 42-ci ildönümüdür.

AZƏRTAC xəbər verir ki, anım günü ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə, İttifaqın katibləri, Əməkdar incəsənət xadimləri, professorlar Zemfira Qafarova, Cəlal Abbasov və digərləri Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət ediblər. Qara Qarayevin tələbəsi və onun məktəbinin layiqli davamçısı Firəngiz Əlizadə və bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova xatirələrini və ürək sözlərini söyləyərək, unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı mühüm xidmətlərini vurğulayıblar.

Azərbaycan Bəstəkarlar İttifaqının tarixində misilsiz töhfələr vermiş Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun məzarlarına gül çələngi qoyulub.

XX əsrin dahi bəstəkarları – Üzeyir Hacıbəyli və Dmitri Şostakoviçin varisi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçısı olmuş, musiqi mədəniyyətini zirvələrə ucaltmış sənətkardır. 30 ildən çox bir zaman çərçivəsində Qara Qarayevin Bəstəkarlar İttifaqının sədrliyi dövründə İttifaqın fəaliyyəti yüksələrək beynəlxalq səviyyəyə ucalmışdır.

Qara Qarayevin yaradıcılığında mühüm mərhələni təşkil edən Azərbaycan Dövlət Konservatoriyasındakı pedaqoji fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Qara Qarayev bəstəkarlıq məktəbinin yetirmələri həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda da bəstəkarın yolunu layiqincə davam etdirirlər.

Baxış sayı: 122