XƏBƏRLƏR
MƏLUMAT
Ağaqardaş Abbasov: Doğum günündə şəhid olan baş leytenant
ÜMÜMİ XƏBƏRLƏR
28/09/2021 01:08

Baş leytenant Ağaqardaş İlham oğlu Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

Qəhrəman şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirib. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə ali təhsil alsa da, hərbiyə olan marağı onun hərbçi olmasına səbəb olub.

O, istər məktəb, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsə örnək olub.

Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib.

Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün çalışıb. O, 28 sentyabr tarixində snayper gülləsinə tuş gələrək şəhid olub.

Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz bir neçə ay sonra ata olmağa hazırlaşırdı.

Oxuduğu Hüseynxanlı kənd ümumi orta məktəbində igid şəhidimizin adına “Qürur güşəsi” də yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!

Femida.az

Baxış sayı: 256