XƏBƏRLƏR
MƏLUMAT
Soltan Hacıbəyovun 100, İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş Gənc musiqiçilərin Respublika festivalının yekunu
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 15:45

Mayın  20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Hacıbəyovlar sülaləsinin iki görkəmli nümayəndəsi Soltan Hacıbəyovun 100 və onun oğlu İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş Respublika festivalına yekun vurulub. 

Festivalda Azərbaycanın 16 şəhər və rayonlarından 160-a qədər gənc musiqişi iştirak etmişdir. Onlar üç yaş qrupu və iki nominasiya – fortepiano və vokal üzrə çıxış ediblər.

Hazırki tədbirin həyata keçirilməsində direktor və festivalın bədii rəhbəri professor Tərlan Seyidov başda olmaqla BMA-nın məktəb-studiyasının kollektivi böyük iş aparıb. Öncədən BMA-nın və Mədəniyyət Nazirliyinin saytlarına Soltan və İsmayıl Hacıbəyovların notları yerləşdirilib. Festivalda iştirak edən musiqiçilər BMA-nın və məktəb-studiyanın aparıcı müəllimlərindən məsləhətlər alıblar. Dəqiq təşkilatçılıq və lazımi professional kömək sayəsində festival iştirakçıları Soltan və İsmayıl Hacıbəyovların nadir və çoxdan ifa olunmayan əsərlərini ifa ediblər.

BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı adına layiq görülüb.

Birinci yaş qrupunda:

fortepiano

Fatimə Abasova (Ceyranbatan, Uşaq İncəsənət Məktəbi),

Fatimə Hüseyinzadə (Bakı, R.Behbudov adına 2 №-li Musiqi Məktəbi),

Davud Ağalar (Bakı, BMA-nın məktəb-studiyası),

Seyran Haşımzadə (Sumqayıt, S.Rüstəmov adına 3 №-li Uşaq İncəsənət Məktəbi),

Polina Parxomenko (Bakı, R.Behbudov adına 2 №-li Musiqi Məktəbi),

Leyla Əsgərli (Göyçay, A.Məmmədov adına Uşaq Musiqi Məktəbi),

Solmaz Əliyeva (Bakı, 3№-li Uşaq İncəsənət Məktəbi)

və vokal

Aslan Carçılı (Bakı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi).

İkinci yaş qrupunda:

fortepiano

Nərmin Hüseynli (Sumqayıt, Musiqi Kolleci),

İskəndər Muradov (Sumqayıt, Musiqi Kolleci),

İlqar Bədəlli (Gəncə, Musiqi Kolleci).

Üçüncü yaş qrupunda:

fortepiano

Nəriman Məsimov (Sumqayıt, Musiqi Kolleci)

və vokal

Safura Aslanova (Bakı Musiqi Akademiyası).

İştirakçılardan 39 nəfəri diplomant adını qazanıb.

Festivalın yekununda təbrik nitqi ilə BMA-nın Birinci prorektoru, professor Nərminə Quliyeva və Azərbaycanın Xalq artisti, professor Xuraman Qasımova çıxış ediblər.

Daha sonra məktəb-studiyanın Uşaq Musiqi Teatrının hazırladığı Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının yeni versiyasının tamaşası təqdim olunub (rejissor Elvin Mirzəyev, xormeyster Ofeliya Axundova, konsertmeyster Firuzə Nəcəfli, solo fleyta Rəşad Abdullayev, nağara Fikrət Rəhimov). Bir neçə il əvvəl bu operanın klaviri BMA-nın məktəb-studiyası tərəfindən bərpa olunub nəşr edilib. Parlaq və rəngarəng tamaşa, solistlər və xorun uca səsləri, maraqlı rəqslər, gənc aktyorların əlvan geyimləri tamaşaçılar tərəfindən coşqulu alqışlarla qarşılanıb.

Festivalı tamamlayan uşaq operası, görkəmli musiqiçilər – Nərminə Quliyeva, Xuraman Qasımova, Nəzakət Rimazi, Tərlan Seyidov, Elnarə Məmmədova, Nərgiz Mansurova, Ayşə Əliyeva, Ülviyyə Hacıbəyova – tərəfindən mükafatlandırılan laureat və diplomantlar, 13 gənc laureatın çıxışları maraqlı festivalın layiqli yekunu olub.

Baxış sayı: 12811