XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2024 11:37

Bu gün Azərbaycanın Xalq artisti Məmməd Bürcəliyevin doğum günüdür.

AZƏRTAC xəbər verir ki, anadan olmasının 110-cu ildönümü tamam olan M.Bürcəliyev yaratdığı obrazlar qalereyası ilə Azərbaycan teatr tarixində özünə layiqli yer tutub.

Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında çalışıb və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni 1994-cü ilə qədər Gəncə Dövlət Dram Teatrında çalışıb.

1967-1968-ci illərdə Moskva Dövlət İncəsənət Universitetinin Teatr aktyoru və rejissoru fakültəsini bitirib.

1948-ci ildə M.Bürcəliyev “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.

1944-1945-ci illərdə M.Bürcəliyev Fikrət Əmirovla birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar. Həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru M.Bürcəliyev olub. O, 1955-ci ildə respublikanın “Əməkdar artisti”, 1958-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

1994-cü il noyabrın 25-də Gəncə şəhərində vəfat edib.

Respublikanın Xalq artisti, qocaman teatr və kino aktyoru olan M.Bürcəliyev haqqında bir çox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilib. Həmçinin 1998-ci ildə “Günəş” nəşriyyatı tərəfindən teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Əsl el adamı” monoqrafiyası çap edilib.

Baxış sayı: 122