XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2024 16:19

Azərbaycan muzeyləri ilə Türkiyənin tanınmış Rəsm və Heykəl Muzeyi arasında əməkdaşlıq imkanları və birgə layihələr müzakirə olunub.

Türkiyədəki səfirliyimizdən AZƏRTAC-a bildirilib ki, səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Ankaradakı Rəsm və Heykəl Muzeyinin müdiri Murat Yıldırımla görüşüb.

Rəhbərlik etdiyi müəssisədə Türkiyənin incəsənətinə, rəsm və heykəltəraşlığına dair gözəl nümunələrin nümayiş olunduğuna diqqət çəkən M.Yıldırım muzeyin qardaş ölkənin mədəniyyətinin təbliğində mühüm rol oynadığını qeyd deyib. Murat Yıldırım Ankaradaki Rəsm və Heykəl Muzeyinin Azərbaycanın müvafiq muzeyləri ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Samir Abbasov dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsi və bu istiqamətdə əməli işlərin, görüşlərin, birgə layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb. O, ötən ilin noyabr ayında hər iki ölkənin mədəniyyət nazirləri arasında əməkdaşlığa dair sənədlərin imzalandığını və muzey sahəsində də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.

Görüş çərçivəsində muzeyin müxtəlif sərgi salonlarına baxış keçirilib, Türkiyədə Cümhuriyyət dövrünün ilk opera tamaşasının nümayiş olunduğu muzeyin 400 yerlik tarixi konsert zalı ziyarət edilib və gələcəkdə burada Azərbaycan sənətçilərinin çıxışına dair razılıq əldə olunub.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev də iştirak edib.

 

Ramin Abdullayev

 

AZƏRTAC -ın xüsusi müxbiri

 

Ankara

 

Baxış sayı: 129