XƏBƏRLƏR
MƏLUMAT
V “Məmməd Araz Poeziya günü”nə yekun vurulub
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2024 09:33

Aprelin 22-də V “Məmməd Araz Poeziya günü” çərçivəsində şairin anadan olmasının 90 illiyi münasibətilə ötən il elan olunmuş respublika üzrə şeir müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Xəzər Universitetində yekunlaşan poeziya gününə respublikanın ədəbiyyatşünas alimləri, Məmməd Araz şeirinin pərəstişkarları, şairin yaxınları və universitetin müəllim-tələbə heyəti qatılıb.

Tədbir unudulmaz sənətkarın öz səsində “Ana torpaq, hər daşına üz qoyum” şeiri ilə başlayıb.

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, şair Qardaşxan Əzizxanlı, Dillər və ədəbiyyatlar departamentinin dosenti, tənqidçi-esseist Ülvi Babasoy çıxışlarında şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıblar.

Tədbirdə şairin şeirləri oxunub və sözlərinə yazılmış mahnılar ifa edilib.

Sonra müsabiqə qaliblərinin adları açıqlanıb. Əli Bəbiroğluna (I yer), Sevinc Elsevərə (II yer) və Xalid Mahmuda (III yer) qalib diplomları təqdim olunub. Müsabiqədə uğurlu iştirakına görə şairə Mina Rəşid, tələbələrdən Zəhraxanım Məmmədova, Rəşid Nəsirzadə, Amin Səfərov da diplomlarla təltif ediliblər.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, onun həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olduğunu dilə gətirib. O bildirib ki, Məmməd Araz hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb. Böyük sənətkar Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb.

Tədbir Məmməd Arazın öz səsində “Salamat qal” şeiri ilə yekunlaşıb.

 

Baxış sayı: 104