XƏBƏRLƏR
MƏLUMAT
Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2024 12:27

UNESCO-nun mənzil qərargahında türkmən ədəbiyyatının görkəmli klassik şairi və filosofu Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə “Maqtımqulu Fraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi və qala-konsert keçirilib.

Türkmən ədəbiyyatının görkəmli klassiki M. Fəraqinin Azərbaycan ədəbiyyatı ilə bağlılığı həmişə diqqəti cəlb edib. Məhtimqulu poeziyasında Azərbaycana bağlılıq daha əyani şəkildə meydana çıxır. Məhtimqulunun Azərbaycanla əlaqəsi maraqlıdır. Onun şeirlərində Təbriz, Şirvan, Şamaxı və sair Azərbaycan yer adlarına rast gəlinir. "Yaylaqları var" şeiri Azərbaycana həsr edilmişdir. Şair öz şeirlərində dönə-dönə görkəmli Azərbaycan şairlərindən dahi N.Gəncəvinin, İ.Nəsiminin, M.Füzulinin adını çəkib.

AZƏRTAC xəbər verir ki, UNESCO-da təşkil edilmiş sərgidə şairin əlyazmaları ilə yanaşı, türkmən mədəniyyətinin rəngarəngliyi, tarixi və adət-ənənələri nümayiş etdirilib. Sərgi ziyarətçilərə şairin əsərlərini və zəngin ədəbi irsini, eləcə də xalçalar, zərgərlik məmulatları, geyimlər və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş müxtəlif türkmən sənət və sənətkarlıq obyektlərini, musiqi alətlərini tanımağa imkan verir.

Şairin 300 illiyi münasibətilə təşkil olunan qala-konserti Türkmənistan Dövlət Simfonik Orkestri təşkil edib. Konsertdə ənənəvi musiqilər ifa olunub.

Tədbir Türkmənistanın UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən Türkmənistanın UNESCO üzrə Milli Komissiyası və Türkmənistan Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunub.

Tədbir 2008-ci ilin 2 dekabr tarixində dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsünün təşviq etdiyi mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanı təcəssüm etdirir.

Baxış sayı: 115