XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2024 17:20

Dmitri Şostakoviç adına filarmoniyanın Böyük zalında hər iki ölkə ifaçılarının iştirakı ilə Azərbaycan və rus musiqisi konserti keçiriləcək. Akademik filarmonik orkestr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin rəhbərliyi altında çıxış edəcək.

Təşkilatçılar AZƏRTAC-a bildiriblər ki, bu gecənin solistləri tanınmış pianoçular – SSRİ Xalq artisti, bəstəkar və pedaqoq Fərhad Bədəlbəyli və Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadə olacaq.

Proqrama XX əsrin tanınmış Azərbaycan bəstəkarlarının əsərləri daxildir: Qriqori Kozintsevin eyniadlı kinofilmi (1957) üçün Qara Qarayevin musiqisi əsasında yaradılan “Don Kixot” simfonik qravürləri, eləcə də Fikrət Əmirovun Elmira Nəzirovanın həmmüəllifliyi ilə yazdığı Fortepiano və orkestr üçün ərəb mövzularında Konsert. Əsərdə əsl ərəb melodiyalarından istifadə etməklə yanaşı, Azərbaycan musiqisi üçün səciyyəvi olan inkişaf prinsipləri tətbiq olunur, simfonik orkestr vasitəsilə ərəb alətlərinin səslənməsi imitasiya edilir.

Proqrama, həmçinin Pyotr Çaykovskinin italyan kapriççiosu və Aleksandr Varenberqin iki fortepiano və orkestr üçün versiyasında Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün 2 nömrəli süitası daxil edilib: bu, Peterburq premyerası olacaq.

Baxış sayı: 114