XƏBƏRLƏR
MƏLUMAT
İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2024 11:53

Azərbaycanın İspaniyadakı səfirliyinin və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Madriddə azərbaycanlı gənc rəssamların "Art of Cultural Diplomacy" adlı sərgisi açılıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərginin açılışında çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Azərbaycan mədəniyyəti və dünyada baş verən iqlim dəyişikliyi ilə əlaqədar olaraq bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 haqqında geniş məlumat verib. Səfir, eyni zamanda, "Dirçəliş" Mərkəzinin həyata keçirdiyi sərgilərin Azərbaycan mədəniyyətinin təbliği istiqamətində xüsusi rolunu qeyd edərək belə sərgilərin daha çox keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev çıxış edərək gələcəkdə birgə belə tədbirlərin keçirilməsində AZOROMO-nun dəstəyinin mümkünlüyünü qeyd edib. O, bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin tanıdılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev indiyə kimi dünyanın 4 qitəsində belə sərgilərin açıldığını bildirib: “İspaniyada keçirilən sərgi isə sayca bizim 25-ci sərgimizdir. Sərgilərin keçirilməsində məqsəd Azərbaycan mədəniyyətini təbliğ etmək, dünyada sülh və əmin-amanlıq olmasını, ispan və Azərbaycan gəncləri arasında mədəniyyətlərarası dialoqu inkişaf etdirməkdir”.

Sərginin açılışında Türkiyə, Macarıstan, Rumıniya, Albaniya, Gürcüstan və digər diplomatik korpusun nümayəndələri, eyni zamanda, yerli incəsənətsevərlər iştirak ediblər.

Sonda səfir Ramiz Həsənov iştirakçı rəssamlara sertifikatlar təqdim edib.

Sərgiyə aprelin 26-da yekun vurulacaq.

Baxış sayı: 100