XƏBƏRLƏR
MƏLUMAT
Dövlət Akademik Filarmoniyasında "Fərəc Qarayevin portreti" layihəsi çərçivəsində konsert proqramı olub
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2024 09:23

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan bəstəkarı Fərəc Qarayevin bədii rəhbərliyi ilə tərtib olunmuş konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsert proqramı bəstəkarın 80 illik yubileyi ilə bağlı "Fərəc Qarayevin portreti" adlı layihə çərçivəsində təşkil edilib.

Konsertə başlamazdan əvvəl çıxış edən musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə bəstəkarın yaradıcılığından, onun musiqi mədəniyyətinin inkişafında xidmətlərindən danışıb.

Konsertdə Orxan Həşimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor) və Eldəniz Ələkbərzadə (piano) çıxış ediblər.

Musiqi axşamında Fərəc Qarayev, İsmayıl Hacıbəyov, Qustav Maler, Moris Ravel və Con Tavenerin əsərləri ifa olunub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 20-dən 24-dək keçirilən “Fərəc Qarayevin portreti” adlı layihə çərçivəsində aprelin 23-də Beynəlxalq Muğam Mərkəzində növbəti konsert təşkil olunacaq.

Layihənin sonuncu günü – aprelin 24-də isə Muzey Mərkəzində mühazirə-konsert keçiriləcək.

Fərəc Qarayev Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin oğludur. Fərəc Qarayev, geniş musiqi ictimaiyyətinə məlum olan “Qobustan kölgələri” baleti və dünyanın bir çox ölkələrində tanınan digər musiqi əsərlərinin müəllifidir. 

 

Baxış sayı: 102