XƏBƏRLƏR
MƏLUMAT
“Ailə -insan xoşbəxtliyinin və güclü dövlətin əsasıdır”
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 08:43

Mayın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı Beynəlxalq Ailə günü münasibəti ilə “Ailə-İnsan xoşbəxtliyinin və güclü dövlətin əsasıdır” adlı söhbət keçirilib.

İlk öncə söhbəti filialın müdiri T.İsmayılova açaraq qeyd edib ki, Ailə günü 1994-cü ildən başlayaraq qeyd olunur. Azərbaycan xalqı hər il mayın 15-də bu günü təntənə ilə qeyd edir. Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb.

Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti, gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınıb”.

Cəmiyyətin əsası olan ailə bəşər yaranandan mövcuddur. Min illər ərzində, tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Bütün xalqlar ailəyə həmişə müqəddəs münasibət bəsləyib, Azərbaycan xalqı isə xüsusilə, onun ləyaqətini hər şeydən uca tutub. Ailə münasibətlərinin düzgün qurulması, ailə üzvləri arasındakı mehriban, səmimi ünsiyyət övladların tərbiyəsinə müsbət təsir göstərir.

Milli adət-ənənələrimizi özündə yaşadan ailələrimizdə valideyn-övlad, böyük-kiçik, qayınana-gəlin münasibətlərinin düzgün qurulmasına, uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmalarına xüsusi diqqət verilir.

Ailə - hər şeydən əvvəl mənəviyyatca yaxın olan insanların qarşılıqlı münasibəti və onların bir-birinə dəstək olması deməkdir. Odur ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Ailə başçıları keçmişlə gələcək, yaşlılarla gənclər arasında körpü olmalı, ən gözəl ailə ənənələrini yeni nəsillərə çatdırmalıdırlar.

Azərbaycan ailələrini ürəkdən təbrik edir, uzun ömür, mehribanlıq, qarşılıqlı sevgi və səadət arzulayırıq.

 

Baxış sayı: 60329