XƏBƏRLƏR
MƏLUMAT
“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılıb
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2019 15:38
“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılıb



Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev son illər ölkəmizdə teatrların inkişafına göstərilən dövlət qayğısından danışıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra teatrlarımızın yeni mərhələyə qədəm qoyduğunu bildirən V.Əliyev deyib ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illər ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsinə dair qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd –“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nı təsdiq edib.

Ölkəmizdə hər zaman mədəniyyət xadimlərinə, ziyalılara böyük diqqət və qayğı göstərildiyini söyləyən Vaqif Əliyev bu ilin martında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünü ölkəmizin ictimai həyatında böyük əks-səda doğuran mühüm hadisələrdən biri kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq bütün teatrlara birdəfəlik yardımlar edilib.

Müsabiqə barədə ətraflı məlumat verən Vaqif Əliyev deyib ki, “Birpərdəli pyeslər” müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci il sentyabrın 11-də elan olunub.

Müsabiqənin təşkilində məqsəd xalq teatrlarının repertuarlarını kiçikhəcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların ədəbi yaradıcılığını dəstəkləmək, tamaşaçıların estetik və mənəvi zövqünün ödənilməsi üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir.

Müsabiqəyə təqdim edilən pyeslərin mövzusu vətənpərvərlik, Aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə edib.

Nazir müavini bildirib ki, müsabiqəyə təqdim olunmuş əsərlər tanınmış mədəniyyət xadimlərindən ibarət müsabiqə komissiyası tərəfindən qiymətləndirilib. “Birpərdəli pyeslər” müsabiqəsinin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə müvafiq olaraq 3 pyesin müəllifi müsabiqənin qalibi elan olunub.Sonra qaliblər mükafatlandırılıb.

Müsabiqədə I yeri “Payız meşəsində vals” pyesi ilə Firuz Mustafa, II yeri “Ölümə gedən” pyesinə görə Cavid Zeynallı, III yeri isə “Al çobanyastığı ləçəkləri” pyesinə görə Sevinc Nuruqızı tutub.

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunub.

Sonda çıxış edən qaliblər müsabiqənin təşkilində zəhməti olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

baku-art.az


“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Baxış sayı: 81668