XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış Azərbaycan yazıçısı Süleyman Vəliyevin 105 yaşı tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
21/12/2021 01:21

Süleyman Vəli oğlu Vəliyev 1916-cı il dekabr ayının 21-də Bakı yaxınlığındakı Ramana qəsəbəsində anadan olub. Ramana məktəbində səkkizillik təhsil aldıqdan sonra, təhsilini məşhur “Qulam şqolası”nda davam etdirib.

“Əmanət kassası” adlı ilk hekayəsi 1932-ci ildə “Hücum” jurnalında çap olunub.

Ədəbi mühitə çox tez gələn S.Və­liyev 1937-ci ildə hərbi qulluğa çağırılana qədər Lökbatanda çıxan aztirajlı “Neft uğrunda” qəzetində jurnalistlik fəaliyyətinə başlayıb. Yazıçının 1937-ci ildə yazıb çap etdirdiyi “Bığlı ağa” povesti həmin ildə “Azərnəşr”də ayrıca kitabça şəklində çapdan çıxıb. Bu kitab onu həmişəlik ədəbiyyata bağlayıb, ədəbi mühitdə tanıdıb. Bir müddət “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərinin müxbiri olub, “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi kimi çalışıb. 1937-ci ilin payızında hərbi xidmətə çağırılıb, 2 il Ukraynada hərbi xidmətdə olub. 1940-cı ilin oktyabrında Xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifa­qının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsində çalışıb.

İkinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak edib.

1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda (indiki Slavyan Universiteti) təhsil alıb. 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalışıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləyib.

Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqa­vimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mə­nə “sən” de”, “Çörək”, “Zorən qoca”, “Qurtuluş”, “Həyatın dadı”, “Gözlənil­məyən məktub”, “Bir səhəng su” və s. əsərlərin müəllifidir.

Müasir nəsrimizdə müharibə mövzusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub. Bədii yaradıcılığında S.Marşak, A.Qaydar, M.Q. Mixaylovski, V.Vasilyevskayadan tərcümələr edib.

Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsərlərdən biridir. Süleyman Vəliyev onu ağrıdan əsl repressiya həqiqətlərini daha sonralar, 1980-ci illərdə qələmə aldığı “Qanadı qırıq quş da uçarmış” roman-memuarında etiraf və təsvir edib. Süleyman Vəliyev 1994-cü ildə Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətinin üzvü seçilib.

1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olub. 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri Fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.

Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Baxış sayı: 584