XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” rubrikasında Məftun Əhmədzadə
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2023 00:27

Məftun Seymur oğlu Əhmədzadə 2 fevral 1996-cı ildə Tərtər rayonunun  Evoğlu kəndində anadan olub. 2002-2013-cü illərdə orta təhsil alıb. Subay idi.

Məftun Əhmədzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində 18 ay sıravi əsgər kimi hərbi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönüb, bir müddət polis orqanlarında çalışıb. Sonra "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına başlayıb. Kursları bitirən Məftun Əhmədzadə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Məftun Əhmədzadə 13 sentyabr 2022-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 16 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Məftun Seymur oğlu Əhmədzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Baxış sayı: 216