XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2024 11:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası dramaturq, şair və nasir, teatrşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 125 illik yubileyinə həsr edilmiş “Cabbarlı işığı” adlı tədbir təşkil edib.

Tədbirdə Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışılıb. Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğu bildirilib, onun özündən sonra zəngin ədəbi-bədii, elmi irs qoyub getdiyi vurğulanıb.

Bədii hissədə 169 nömrəli tam orta məktəbin şagirdləri şairin şeirlərini səsləndiriblər və  “Solğun çiçəklər” əsərindən Saranın ölüm səhnəsini nümayiş etdiriblər.Daha  sonra  10 nömrəli Uşaq  Musiqi Məktəbinin tar və skripka müəllimlərinin müşayəti ilə Şuşa Himanitar kollecin tələbəsi, xanəndə Ziya Səfərzadə  sözləri C.Cabbarlıya məxsus olan “Azad bir quşdum” mahnısını ifa edib.

Sonda çıxış edən yazarın nəvəsi,  Cəfər Cabbarlının ev muzeyinin direktoru  Qəmər Seyfəddinqızı C.Cabbarlının yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti ilə bağlı maraqlı faktları diqqətə çatdırıb.

Baxış sayı: 192